Siyasət 17:33 03.09.2013

Cəmil Həsənlinin seçki fonduna 509 manat vəsait yığılıb

Bu gün Milli Şuranın keçirilən sessiyasında Arif Hacılı vahid namizədin seçki qərargahının həmsədri kimi görülən işlərlə bağlı hesabat xarakterli çıxış edib.
Bildirib ki, Cəmil Həsənlinin sənədləri ən qısa müddətdə toplanılıb və MSK-ya təqdim edilib.

O, MSK- nın Cəmil Həsənlinin namizədliyinə 5 sutka ərizində baxmasına, imza vərəqələrinin bir gün gec verilməsinə etiraz edib: “ Cəmil Həsənlinin namizədliyi ilə bağlı heç bir problem yoxdur. Mətbuatda bu barədə yazılanlar yanlışdır. AXCP və Müsavat təxminən eyni sayda imza vərəqələri götürüb, imza toplayıblar.

Həmçinin VHP, NİDA, Azad Gənclik və digər qurumlar da imza toplayıblar. Artıq imzaların 90 faizi toplanıb. Hazırda imza vərəqələri regionlardan Bakıya gətirilir. Vərəqələr çeşidlənib qaydaya salındıqdan sonra MSK-ya təqdim ediləcək”.

Onun sözlərinə görə, Müsavat Partiyasi bütün resursları ilə C.Həsənlinin seçki qərargahına verilib. İmza toplama kampaniyasında maneəler yaradılsa da, bu, ötən seckilərlə müqayisədə çox azdır.

Hacılı bildirib ki, Həsənlinin 20 səlahiyyətli nümayəndəsi təqdim edilib. Onlardan artıq 4 nəfəri vəsiqəsini alıb. Müsavat funksioneri bildirib ki, 125 dairədə nümayəndə təyin etmək fikrindədirlər.