Foto 20:20 16.03.2018

Cənubi Qafqazın ən qədim zinət əşyası Heydər Əliyev Mərkəzində (FOTO)

Heydər Əliyev Mərkəzində Cənubi Qafqazın ən qədim zinət əşyasının təqdimatı keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qeyd edib ki, mərkəz müxtəlif sahələrlə bağlı əlamətdar tədbirlər təşkil edir:

 "Heydər Əliyev Mərkəzinin dünyada tanınan məkan olduğunu nəzərə alaraq, çalışırıq ki, burda çoxsaylı beynəlxalq tədbirləri ardıcıl olaraq təşkil edək. Bugünkü tədbirimiz bizim üçün ciddi əhəmiyyətə malikdir. Təqdim olunan eksponat bizim üçün əhəmiyyətli olmaqla yanaşı, böyük şərəfdir ki, Mərkəzdə "Azərbaycan inciləri” sərgisində belə bir tarixi eksponat nümayiş olunur”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova zinət əşyası haqqında geniş məlumat verib.

O, qeyd edib ki, öz dövrü üçün kifayət qədər zərif əl işi olan qızıl boyunbağı zamanın təsirindən dörd hissəyə bölünüb: "Zinət əşyası 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kəndi yaxınlığında, Ovçular təpəsi qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Boyunbağı Cənubi Qafqazın ən qədim qızıl zinət əşyasıdır.

 Buna qədər isə Cənubi Qafqazda ən qədim qızıl zinət əşyaları Gürcüstan ərazisində qazıntılar zamanı tapılmış və erkən Tunc dövrünə aid nümunələr hesab olunurdu. Mütəxəssislərin Eneolit dövrünə aid etdiyi Naxçıvan tapıntısı hələ eramızdan əvvəl V minillikdə bu ərazidə filizçıxarma və mis metallurgiyasının mövcudluğundan xəbər verir.

Sənayenin bu istiqamətdə inkişafı, şübhəsiz, sənətkarlığın müxtəlif sahələrinin, o cümlədən zərgərliyin yayılmasına təsir etməli idi. Ovçular təpəsindən aşkarlanmış qızıl boyunbağı bunu təsdiqləyən yeganə artefaktdır”.

AMEA-nın prezidenti Akif Əlizadə isə Azərbaycan arxeologiya elminin müasir uğurlarına toxunub. Onun sözlərinə görə, Azərbaycan dövləti arxeologiyanın daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Akademiya prezidenti təqdim olunan eksponatla bağlı alimlər arasında geniş diskussiyanın yarandığını da diqqətə çatdırıb.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzində daimi nümayiş olunan "Azərbaycan inciləri: tarixin axarında” sərgisi ölkəmizin mədəniyyətinin, milli-mənəvi sərvətlərinin, adət-ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil olunub.

Sərgidə 200-dən çox eksponat –  Mezolit, Tunc dövrünə aid Qobustan qayaüstü rəsmlərindən nümunələr, e.ə. III-I minilliklərə aid arxeoloji tapıntılar, XVIII-XIX əsrə aid silahlar, misgərlik və zərgərlik məmulatları, milli geyimlər, xalçalar, musiqi alətləri və s. təqdim edilir. Ziyarətçilər bu tarixi eksponatlar sırasında artıq Cənubi Qafqazın ən qədim zinət əşyası ilə də tanış ola bilərlər.