Sağlamlıq 12:36 10.12.2018

Cərrah Qəhrəman Qəhrəmanov: "Burnunu bəyənməyən hər kəs estetik əməliyyat etdirə bilməz" (FOTOLAR)

 
Atalarımız "Gözəllik dünyanı xilas edəcək” deyiblər. Yəqin elə buna görədir ki, son illər gözəlləşmək, plastik-estetik əməliyyat etdirmək istəyənlərin sayı kəskin şəkildə artıb. Bu məsələni mövzunun həm nəzəri, həm praktik baxımdan ölkədəki peşəkarlarından olan plastik-estetik cərrah Qəhrəman Qəhrəmanovla müzakirə etdik. 

Qeyd edim ki, müsahibəyə girişimiz bir az fərqli oldu. Belə ki, ilk sualı cərrah Qəhrəman Qəhrəmanov özü mənə ünvanladı: Estetik zövqü gözəl olan bir xanım olaraq plastik-estetik cərrahdan rinoplastika (burun əməliyyatı) zamanı istədiyiniz nə olardı? 

- Əgər burun əməliyyatı keçirirəmsə, burnumun bütün əməliyyat edilən burunlar kimi olmamasını, təbii və fərqli görünməsini istəyərdim. Ki, bu sualı mən də sizə ünvanlamaq niyyətində idim. Niyə bir həkimin etdiyi bütün əməliyyatların nəticələri bir-birinə oxşayır? Burunlar hamısı "Copy-paste” olur. 
- Ümumiyyətlə, rinoplastika əməliyyatı həm də estetik əməliyyat sayılır. Ona görə ki, sağlamlıqla bağlı hər bir əməliyyatın öz fəlsəfəsi var. Rinoplastikanın fəlsəfəsində isə 2 əsas istiqamət durur: sağlam və gözəl burun. Çünki burun orqanizmdə çox ciddi funksiyası olan orqandır. Tənəffüsü, qoxu bilməni tənzimləyir və nitq zamanı rezonans rolunu oynayır. Bu da o deməkdir ki, danışarkən səsi tənzimləyir və nitq qabiliyyətimizi formlaşdırmış olur. Ona görə həmişə deyirəm ki, rinoplastikada birinci yeri burunun sağlamlığı tutmalıdır. Oxşarlığa gələndə isə biz hər insanın üz cizgilərinə uyğun burun forması tətbiq edirik. Mən bu günə qədər eyni quruluşa, cizgilərə sahib insan görməmişəm. Təbii ki, əkizlər istisnadır. 



- Burnunu bəyənməyən hər kəs estetik əməliyyat etdirə bilər? 
- Xeyr, hər kəs estetik baxımdan rinoplastika (burun əməliyyatı) keçirə bilməz. Məsələn, müraciət edən xəstəyə baxırsan və görürsən ki, parametrləri öz üzünə çox uyğundur. Amma şəkil gətirir ki, "mən istəyirəm belə burnum olsun”. Onda biz həmin xəstəyə izah edirik ki, sənin üz quruluşun buna imkan verməyəcək. İndi texnologiya daha geniş imkanlar yaradıb. Yəni, bu kimi xəstələrə istədiyi burnu "Photoshop”la qoyub üz quruluşuna uyğun olmadığını göstərə bilirik. 

- Təkrar rinoplastika əməliyyatı nədir? 
- Keçmişdə bu məsələ daha çox gündəmdə idi. Yəni, belə qənaətə gəlmişdilər ki, rinoplastika mərhələlərlə olsa, daha yaxşıdır, effekti daha gözəl olar. Çünki burun o qədər mürəkkəb bir orqandır ki, bir çox xəstələrdə burun daxilində ciddi qüsurlar olduğunu görürsən. Bu zaman problemləri həll etməklə arzuolunan estetikanı tarazlamaq çətinləşir. Eləcə də əməliyyat planlaşdırıldığı kimi getsə də, bəzən orqanizmin öz şıltaqlığı olur. Sağalma prosesində gözlənilməz nəticələr meydana çıxa bilir. Bu kimi məsələlərə görə deformasiyalı, problemli burunlarda mərhələləli əməliyyat daha məqbul hesab oluna bilər. Lakin bəzi hallarda uğursuz aparılmış əməliyyatlardan sonra təkrar əməliyyatlar icra edilir ki, buna revizion rinoplastika deyilir. Təbii ki, belə əməliyyatları icra edən həkimlər yüksək peşəkarlığa malik olmalıdır. Çünki uğursuz revizion rinoplastikadan sonra növbəti uğurlu estetik əməliyyatı gözləmək mümkün deyil. 

- Rinoplastika ən pis halda nə ilə nəticələnə bilər? Ölüm halları baş verə bilərmi? 
- Digər əməliyyatlar kimi rinoplastika da cərrahi əməliyyatdır. Bütün cərrahi əməliyyatlara məxsus olan risk rinoplastikaya da aiddir. 



- Qiymətlər necədir? Artım var? 
- Azərbaycan reallığında qiymətlər hər sahədə beynəlxalq standartlarla tarazlanır. Tibb yeganə sahədir ki, xarici ölkələrdən qiymətlərə görə çox geri qalır. Məsələn, rinoplastika əməliyyatının özü xarici ölkələrdə sırf estetik əməliyyatlar olduğundan çox bahadır. Üstəlik belə bir şey var: xəstə rinoplastika ilə bağlı bir həkimə müraciət edir. Əməliyyatın qiymətini 2500 manat deyirlər. Sabahsı gün başqa birinin yanına gedir və o cərrah "gəl, mən sənə bu əməliyyatı 1000 manata edim" deyir. Xəstə onun yanına gedir, amma düşünmür ki, 1000 manat deyən cərrah işi hələ yaxşı bilmir. Sadəcə öyrənməyə çalışır. Bu isə böyük səhvdir. Ən azı həmin cərrahlar bununla yanaşı yeni təcrübə toplamağa başladığını xəstəyə deməlidir ki, sabah hər hansı problem yaransa, xəstə bunu səmimi qəbul edə bilsin. 

- Ən çox bəyəndiyiniz və heç bəyənmədiyiniz işlərinizi görmək istərdik... 
- Bilirsiniz, mən hələ bu vaxta qədər öz işimi bəyənməmişəm. Hər əməliyyatdan çıxanda düşünürəm "gərək bunu belə edərdim". Amma hələ eyni üz quruluşuna sahib insan görməmişəm ki, sonradan düşündüyümü tətbiq edim. Və nə vaxt ki, işlərimdən razı qalacam, onda bu işi dayandıracam. 



- Estetik əməliyyatı yaxınlarınıza məsləhət görərsiniz? 
- Mənim demək olar ki, bütün yaxınlarım əməliyyat keçirib. Özü də hələ 90-cı illərdən. Mən rinoplastika ilə 1991-ci ildən məşğul oluram. O vaxt hələ bu sahə çox da inkişaf etməmişdi. Rinoplastika ilə məşğul olan həkimlərin sayı da az idi. Onu da qeyd edim ki, biz yalnız burun əməliyyatı ilə də məşğul olmuruq. Məsələn, burun əməliyyatı keçirəcək bir xəstəyə qoyulacaq burun yaraşmayacaqsa, bunu əvvəldən müəyyən edib deyirik. Məsləhət görürük ki, yeni burnunun ona tam yaraşması üçün çənə, buxaq, dodaq, almacıq-yanaq komplekslərinə də diqqət edilsin. Lazım gəldikdə uyğunsuzluq olan sahələrdə də eyni zamanda estetik dəyişikliklər olunsun: lipofiling (piy doldurmaq), xeyloplastika (dodaq əməliyyatı), genioplastika ( çənə əməliyyatı) və s. Çünki biz hər bir fərdə kompleks yanaşırıq. 

Nərmin Həsənli