Foto 19:37 27.07.2020

Ceyhun Bayramov İran və Fələstin səfirləri ilə görüşüb (FOTOLAR)

Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadəni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən verilən məlumata görə, diplomatik fəaliyyətinin son günlərində olan İran səfiri ilə görüşdən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov iki dövlət arasında dərin tarixi köklərə əsaslanan dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət və dəstək formasında inkişafından razılıqla bəhs edib. Bu münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyevin töhfəsindən danışan nazir, hazırda hər iki dövlətin rəhbərləri səviyyəsində əməkdaşlıq münasibətlərinin inkişafına diqqətin göstərildiyini qeyd edib.

Ceyhun Bayramov, eyni zamanda regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında münasibətlərin inkişafının və qarşılıqlı dəstəyin mövcud olduğunu bildirib. O, İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq hüquqa əsaslanan və Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən mövqeyini yüksək qiymətləndirib. Həmçinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat hadisəsi ilə əlaqədar İran dövlətinin ədalətli mövqeyinin ifadə edilməsinə görə səfirə təşəkkür bildirilib.

Səfir Cavad Cahangirzadə nazir Ceyhun Bayramova Azərbaycan Respublikası Prezidentinin etimadının göstərilməsi münasibətilə təbrikini səsləndirərək, İran Xarici İşlər naziri Cavad Zərifin isti salamlarını Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Cavad Cahangirzadə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

O, səfir kimi çalışdığı müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini bildirib, ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb.

Cavad Cahangirzadə pandemiya ilə əlaqədar İranın çətin günlərində Azərbaycan tərəfinin ölkəsinə verdiyi dəstəyin unudulmayacağını qeyd edib.

İranın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyi vurğulanıb, beynəlxalq sərhəddə baş vermiş son hadisələrlə bağlı İran tərəfindən İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi başda olmaqla, Xarici İşlər nazirinin sözçüsü, İran parlamentinin deputatları səviyyəsində açıqlamaların verildiyi qeyd olunaraq, Azərbaycanın narahatlığının, həm də İranın narahatlığı olduğu dilə gətirilib.

Tərəflər arasında, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Cavad Cahangirzadəyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

******
Xarici İşlər Naziri Ceyhun Bayramov bu gün Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı ölkəmizdəki diplomatik korpusun duayeni qismində qəbul edib.

XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycan və Fələstin Dövləti arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib, bu əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. İki tərəf arasında bu günədək həyata keçirilən qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunub. Hər iki tərəfin beynəlxalq müstəvidə nümayiş etdirdiyi qarşılıqlı dəstək Nazir tərəfindən vurğulanıb.

Öz növbəsində, səfir Nasir Əbdülkərim Əbdürrəhman Azərbaycandakı diplomatik korpusun fəaliyyətində Xarici İşlər Nazirliyinin hər zaman əməkdaşlıq və əlaqələndirmə nümayiş etdirdiyini məmnunluqla qeyd edib.

İkitərəfli münasibətlərə toxunan səfir, iki xalq arasında qardaşlıq bağları olduğunu, ölkələrimiz arasındakı əlaqələrin tarixi köklərə dayandığını qeyd edib. Səfir, Fələstinin Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin yerinə yetirilməsi mövqeyindən çıxış etdiyini bildirib, həmçinin, Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Daha sonra səfir 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribatı nəticəsində həlak olmuş şəhidlərin ailələrinə başsağlığı verdi.

Öz növbəsində, Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin planlaşdırılmış şəkildə Azərbaycan-Ermənistan sərhədində törətdiyi növbəti hərbi təxribat və hazırda bölgədəki vəziyyət barədə həmsöhbətini məlumatlandırıb. Ermənistan tərəfinin bu təxribatla heç bir məqsədinə nail olmadığını, əksinə özünün təcavüzkar mahiyyətini bir daha nümayiş etdirdiyini və beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə növbəti dəfə üzləşdiyi vurğulayıb. Bölgədəki gərginliyin kökündə məhz Ermənistanın təcavüzkar siyasəti olduğunu qeyd edən nazir Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinin aradan qaldırılmasının zəruriliyini və münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqların da məhz bu məqsədə qulluq etməli olduğunu bildirib. Azərbaycanın mahiyyət üzrə aparılan və nəticəyə yönəlik danışıqları tələb etdiyini və danışıqlarda sadəcə danışıq aparılması naminə iştirak edilmədiyi Ceyhun Bayramov tərəfindən vurğulanıb.