Ölkə 17:08 04.08.2015

Coca-Cola Azərbaycan dövlətinə müraciət etdi

“Azərbaycan Coca-Cola Bottlers” MMC qiymətlərin artırılmasını həyata keçirmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinə müraciət edib. 

Bunu “Marja”ya MMC-nin baş direktoru Cem Becel bildirib. 

“Devalvasiya bizə də təsir etdiyi üçün, bizim də bir qiymət artırımı istəyimiz var. Amma təsdiq olunmadığı üçün, yeni qiymətləri tətbiq edə bilmirik. Bəzi məhsullarımızın qiymətlərini artırmağı nəzərdə tuturuq.  Hazırda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət xidməti ilə məsləhətləşirik. Təsdiq olunarsa bu barədə internet səhifəmizdə məlumat verəcəyik”.

Cem Becel bildirdi ki, Dövlət Xidməti qiymət artırımı üçün aparılmış hesablamaların əsaslı olub olmadığını yoxlayır:

“Devalvasiya şirkətimizin gəlirliliyinə təsir edib. Biz məhsullarımızı istehsal etmək üçün xammalı dollar və avro ilə xaricdən alırıq. Bəzi ucuz məhsullarımızın qiymətlərinə toxunmağı düşünmürük. Devalvasiya bizə məhsullar üzrə müxtəlif nisbətdə təsir göstərib”.

Cem Becel qeyd etdi ki, 1 manat 10 qəpiyə satılan 2,5 litrlik yeni Coca-Cola içkisinin satışa çıxarılması devalvasiyadan əvvəl nəzərdə tutulub və bu məhsulun qiymət artırımı ilə heç bir əlaqəsi yoxdur:

“Ailələrin ehtiyacı artıb. Artan ehtiyacları ödəmək üçün 2,5 litrlik qablarda içkiləri istehsal edirik”.

Cem Becel əlavə etdi ki, “Azərbaycan Coca-Cola Bottlers” MMC Azərbaycanda qazlı içkilər bazarının 60%-ni əlində saxlayır. 

Qaynar.info