Maqazin 12:32 04.04.2020

Covid-19-a görə 1 milyon bağışlayan müğənninin özü və oğlu virusa yoluxdu

Amerikalı müğənni Pink ona və oğluna koronavirus diaqnozu qoyulduğunu, ancaq xəstəliyi məğlub edə bildiklərini söyləyib.

Qaynarinfo xəbər verir ki, müğənni koronavirus pandemiyası ilə mübarizədə kömək üçün bir milyon dollar bağışladığını qeyd edib. Bu barədə o, İnstaqram səhifəsində məlumat verib.

"İki həftə əvvəl üç yaşlı oğlum Ceymson və məndə COVID-19 əlamətləri göründü. Xoşbəxtlikdən, bizi müalicə edən həkimimiz test əldə etdi və nəticələr bizdə müsbət çıxdı. Ailəm evə qapandı və biz həkimimizin göstərişinə əsasən son iki həftə ərzində bunu davam etdirdik", - deyə müğənni yazıb.
Bir neçə gün əvvəl Pink yenidən test edilib, bu dəfə nəticələr mənfi olub.

Müğənni koronavirusla mübarizə üçün bağışladığı 1 milyondan 500 min dolların "hər gün ön cəbhədə virusla döyüşən sağlamlıq işçilərinə dəstək olmaq üçün" Filadelfia və Los Ancelesdəki təcili yardım fondlarına gedəcəyini bildirib.

İfaçı bütün tibb işçilərinə təşəkkür edib və bütün insanlara koronavirus pandemiyası zamanı evdə qalmağın nə qədər vacib olduğunu xatırladıb.