Dünya 13:49 11.05.2020

Covid-19-a yoluxan Çingiz həkim yaşadıqlarını danışdı: "Sanki içimi bururdular...”

Şiddətli koronavirus infeksiyası keçirən kalmıkiyalı dermatoveneroloq Çingiz Unqarlinov "Rossiyskaya qazeta"ya xəstəliyin ilk əlamətləri və özünü xəstəlikdən necə qorumaq barədə danışıb. O, bir tibb bacısının koronavirusa yoluxduğu xəstəxananın müdiridir.

Qaynarinfo xəbər verir ki, həmin tibb bacısıyla bir neçə dəfə yaxın söhbətdən sonra Unqarlinov hiss edib ki, qoxu və dad hisləri yoxa çıxıb. O vaxt yoluxduğunu başa düşüb. "Məsələn, mən şampunu götürdüm, ancaq qoxusunu hiss etmədim, çörək, yağ, ümumiyyətlə, heç bir yeməyin qoxusunu hiss etmirdim", - həkim deyib. Ayrıca ədviyyatlı və şirin yeməyin dadını bir-birindən ayırd edə bilməyib.

Bir müddət sonra həkimin temperaturu yüksəlməyə başlayıb. Rentgen birtərəfli sətəlcəm aşkar edib. Ağciyər toxumasının 45%-i təsirlənmiş olub. Tezliklə qızdırması başlayıb. O, bir həftə ağır vəziyyət keçirib.

Temperatur 39.9-a çatandan sonra heç cür düşməyib. "Çox çətin idi. Bütün bədənim ağrıyır, sümüklərim sızıldayırdı. Elə bir hiss vardı, sanki içimdə hər şeyi bururdulıar”, - dermatoloq deyib. Artıq bir aydır ki, həkim xəstəxanada yatır. Koronavirusun simptomları yox olub, ancaq indi sətəlcəm müalicə edilməlidir.
Çingiz xəstəliyinin inkişafını "ildırım sürətli" adlandırır. Üstəlik, onun 48 yaşı var, qaçış və üzgüçülüklə məşğuldur. Unqarlinov yoluxana qədər güclü immunitetə sahib olduğuna inanırmış. Lakin məlum olub ki, COVID-19 çox məkrli xəstəlikdir. Buna görə həkim hər kəsə tövsiyə edir ki, bütün təcrid qaydalarına əməl etsinlər və infeksiyanı yaymasınlar.
 
Alpər