Hüseynbala Səlimov
Siyasət 11:00 16.11.2020

Üçtərəfli saziş: Biz düz hərəkət etdikmi?..

Hüseynbala Səlimov 

"Bu otuz ildə Moskva Bakı və İrəvanla bircə dəfə belə olsun ciddi problem yaratmadı və yaşamadı, halbuki Abxaziya, Cənubi Osetiya, Donbas və hətta Dnestryanı bölgədə onun mövqeyi daha çox gürcü, ukraynalı və moldavan hakimiyyətlərinin siyasi orientasiyasından asılı olmuşdu. Əgər bu orientasiya qərbyönümlü idisə, o halda Rusiya üçün bu münaqişə ocaqları avtomatik olaraq strateji əhəmiyyətli bir ərazilərə çevrilirdilər...”

Bəli, güman ki, bundan yaxşı demək olmazdı: əgər orientasiya Qərbyönümlüdürsə, o halda münaqişə ocaqları dərhal strateji önəmli ərazilərə çevrilirdilər! Bir Rusiya nəşrinin bircə cümləsi Kremlin Dağlıq Qarabağ siyasətinə tam işıq tutur, çünki bu otuz ildə Moskva yalnız bir şeyə can atmışdı – Dağlıq Qarabağda da öz sülhməramlılarını yerləşdirmək və bu ərazilərə də öz qarmağını keçirmək!..

Qeyd edək ki, üçtərəfli sazişin imzalanması ilə Azərbaycanda da yaşanan eyforik həftə başa çatmaqdadır və bunun nəticəsi kimi kritik analiz və qeydlərin sayı getdikcə çoxalır. Müxtəlif müəlliflər, siyasi və ictimai simalar durmadan elə hey bir sualı verirlər: biz münaqişə bölgəsində Rusiyanın sülhməramlılarının yerləşməsinə razılıq verməklə düzmü hərəkət etdik?

Belə suallara şəxsən biz qarşı sualla cavab veririk: başqa bir yolumuz var idimi? Müharibənin ilk günlərimdən elə hey özümüzdən soruşurduq ki, görəsən, Moskva sükutunun və "neytrallığ”ının müqabilində Bakıdan nə istəyəcək? 

Aydın idi ki, bütün böyük dövlətlər kimi, Rusiya da heç bir halda geosiyasi filantropiya ilə məşğul olmaq niyyətində deyil və ilk növbədə sülhməramlılarını burada yerləşdirəcək, amma bir də gördün ki, az sonra bizi KTMT-yə və Avrasiya İttifaqına dəvət edəcək, halbuki bəzi xəbərlərə görə, Kreml bizim dəstəyimizlə Qoşulmama Hərəkatında "müşahidəçi ölkə” statusu almaq istəyir.

Amma hiss olunanı budur ki, onu hələ ki bölgədə sülhməramlılarını yerləşdirməsi qane edir. Bir sözlə, başqa çıxış yolumuz yox idi və hələ onu demirik ki, düşmən Ermənistan bizim şəhərlərimizi, hətta paytaxt Bakını belə raket atəşinə tuturdu və biz məlum səbəblərdən ona adekvat və simmetrik cavab verə bilmirdik. Əgər belə imkanımız olsaydı belə, bu nəyi dəyişəkdi? İki ölkə Suriyaya çevriləcəkdi!..

Düşməni bu, çox az düşündürür və yaxud qayğılandırırdı, çünki dəfələrlə şahidi olmuşuq ki, hərbi əməliyyatlar zamanı heyvani – kor nifrət düşmənin gözlərini elə tutur ki, öz xalqının taleyi belə onu qətiyyən narahat etmir. Erməni millətçiləri –vəhşiləri elə həmişə belə olublar, öz xalqları onların əlində həmişə oyuncaq olub və biz daim real həyatda bunun şahidi oluruq. Məsələn, ASALA-nın nizamnaməsində yazılıbdı ki, onların hədəflərindən biri də onun siyasətini dəstəkləməyən ermənilərdir!

İlk dəfə bunun təzahürünü Sumqayıt hadisələri zamanı gördük: o vaxt Sumqayıtda o erməni ailələri zorakılığa məruz qalmışdı ki, onlar erməni millətçilərinin "layihə”lərinə dəstək vermirdilər...

Odur ki, bizim başqa seçimimiz yox idi. Əlbəttə, bu, ordumuzun qəhrəmanlıq epopeyasını qəti kiçiltmir, yox, azad olmuş hər qarış belə torpağımız şanlı əsgər və zabitlərimizim canı-qanı bahasına azad olundu. Gəl, belə deyim var ki, müharibə də siyasətin davamıdır (K.fon Klauzevits). Elə bu səbəbdən də hətta müharibələr vaxtı siyasət bitmir, tükənmir və biz də bu amillə hesablaşmalıyıq.

Atıq dəfələrlə qeyd etmişik ki, proses elə də çox çəkməyəcək və 1 dekabra qədər təkcə Kremlin və İrəvanın məramı yox, elə üçtərəfli sazişin özünün də sülhyaratma potensialı üzə çıxacaq. Rusiya KİV-ləri indilik yalnız geopolitikadan yazmaqdadır və daha çox da Ankaranın Qarabağ hərbi-siyasi teatrına yolunu bağlamaq haqqında düşünürlər. 

Ermənilərsə hələ Paşinyanın istefasını tələb edirlər, amma artıq mitinqçilərin valı bir azacıq çevrilib: onlar guya Rusiyaya qarşı, hətta imzalanmış sazişə qarşı belə olmadıqlarını deyir, yalnız Paşinyanı cəzalandırmaq istədiklərini bildirirlər.

Amma deyəsən, ehtiraslar bir az sönməkdədir. On müxalif partiyadan yalnız birinin parlamentdə iki–üç deputatı var. Bu isə o deməkdir ki, Paşinyanın parlament yolu ilə istefasına nail olmaq elə də asan məsələ deyil, çünki parlamentdə az qala mütləq çoxluq onun əlindədir və siyasi müstəviyə küçədən gəlmiş bu adamı elə küçə ilə də devirmək lazımıdır, di gəl, küçə və meydan əhli hələ deyir ki, Nikol öz rəqiblərindən və ya sələflərindən az oğurlayır.
Odur ki, sülh yaratma prosesi gedəcək, çünki İrəvan heç bir vaxt Moskvanın üzünə ağ olmaz, çünki Moskvasız bir heçdir – özü də bütün mənalarda. Rusiya isə artıq bölgədə yerləşməkdədir. Ona görə də belə düşünmək ki, Ermənistandakı proseslər, xüsusən də burada hakimiyyət dəyşiməsi nəyisə dəyişə bilər, qəti inandırıcı görünmür – İrəvanın bölgə içrə heç bir real rıçağı qalmayıb, şanlı Azərbaycan ordusu demək olar ki, onun ordusunu məhv edib.

Sonda bir detalı da qeyd edək. Bəzi insanlarımız diqqəti bir az keçmişə, Bişkek protolkolu imzlanan vaxta çəkmək istəyir. Bəli, ola bilsin, onda da biz torpaqlarımızın bir hissəsini qaytara bilərdik. Amma o vaxt bizim Ermənistanın və Rusiyanın təzyiqi qarşısında duruş gətirmək üçün güclü ordumuz və hətta dövlətimiz yox idi. İkincisi, münaqişənin coğrafiyası da bizim xeyrimizə deyildi – ermənilər demək olar, bütün Qarabağı işğal etmişdilər. Nəhayət, Türkiyə amili də indiki kimi fəal deyildi...