Ölkə 19:26 20.06.2019

Daha bir avtobus qəzası: xəsarət alanlar var

Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Ford" markalı sərnişin mikroavtobusu ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə minik maşını zərbənin gücündən aşıb və iki nəfər xəsarət alıb. Onlardan biri 1988-ci il təvəllüdlü Lamiyə Hüseynova Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Samux rayon sakini, 1966-cı il təvəllüdlü Məlahət Əliyevaya isə həyəcanlandığından özünü pis hiss etdiyi üçün hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasının həkimləri tərəfindən yerindəcə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.