Foto 10:05 06.02.2018

Daha bir ölkə qarışdı: Fövqəladə vəziyyət elan edildi (FOTOLAR)

Maldiv Respublikasında siyasi və hüquqi qeyri-sabitlik səbəbilə 15 günlük fövqəladə vəziyyət elan edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu barədə hüquq naziri Azima Şakur dövlət televiziyasında çıxış edərək məlumat verib. 

Ali Məhkəmə sabiq prezident Məhəmməd Naşid, sabiq vitse-prezident Əhməd Adeebin azad edilməsinə, ittiham prosesinin yenidən təşkilinə və parlament sədri Abdulla Məsih Məhəmmədin vəzifədən azad edilməsini tələb etdiyi üçün vəzifələrindən kənarlaşdırılan 12 millət vəkilinin yenidən parlamentə qaytarılmasına hökm vermişdi. Lakin prezident Yamin Əbdül Qəyyumun məhkəmənin hökmünü icradan imtina etdiyi bildirilir. 1 fevralda verilən hökmə müvafiq addımlar hələ də atılmayıb.

Digər tərəfdən, müxalifət partiyaları 29 yanvarda Qəyyumu rüşvətxorluq və vəzifəsindən sui-istifadədə ittiham edərək prezidentlikdən müvəqqəti olaraq uzaqlaşdırılması üçün Ali Məhkəməyə müraciət edib. Baş prokuror Məhəmməd Anil mətbuat konfransı ilə çıxış edərək Ali Məhkəmənin prezidenti vəzifədən kənarlaşdırmaq hüququnun olmadığını vurğulayıb. 

Qeyd edək ki, Məhəmməd Naşid 2008-ci ildə ölkənin demokratik yolla seçilən ilk prezidenti statusunu qazanmışdı. 2013-cü ildə keçirilən mübahisəli seçkilərdən sonra hakimiyyətə gələn Yamin Əbdül Qəyyum bir çox siyasətçinin həbsi barədə qərar vermişdi.

Gülşən