Ölkə 20:25 25.01.2022

Dəm qazı zəhərlənmələri ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin parlamentin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclası açan komitə sədri Sadiq Qurbanov gündəliyi təqdim edib. Bildirib ki, müzakirəyə 4 məsələ çıxarılıb.
 
İlk iki məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatının və 2022-ci il yaz sessiyası üçün iş planının təsdiqi ilə bağlıdır. Qalan iki məsələ isə "Qaz təchizatı haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihələrinin müzakirəsidir.

Komitə sədri bildirib ki, müzakirəyə çıxarılan hər iki sənəd - "Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Dəm qazı zəhərlənmələrindən vəfat edənlərin və zərər çəkənlərin ötənilki statistikasını iclas iştirakçılarının diqqətinə çatdıran Sadiq Qurbanov qanun layihəsinin sosial sifarişə əsaslandığını deyib, qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliyinin yüksəldilməsinin, neqativ halların operativ aradan qaldırılmasının, qaz paylayıcısının məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, "Qaz təchizatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunub. Bu çərçivədə qanuna bir sıra dəyişikliklər edilib, yeni anlayışlar və tənzimləmələr təsbit olunub
 
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində isə məcəllənin 279-cu maddəsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub.

Həmçinin layihədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub.