Xəbər lenti

Aqşin YENİSEY
Ölkə 15:07 29.12.2020

Demokratik orientalizm, yoxsa avtoritar okzidentalizm?

Aqşin Yenisey

Üç-dörd il əvvəl ümumi ailədaxili münasibətlərimizdəki azadlıq anlayışına milli hörmətin miqdarına baxaraq belə bir şey yazmışdım ki, evində olmayan demokratiyanı, insan haqlarını başqalarından tələb etməyə heç bir vətəndaşın haqqı yoxdur. Eynən mühafizəkarlığın klassik devizində olduğu kimi, əvvəl məscidin içi, sonra çölü.

İndi bu fikri bir az da çılpaqlaşdırmaq istəyirəm; öz düşüncəsində söz və fikir azadlığı, insan haqları kimi dəyərlərə olmayan hörməti başqalarının düşüncəsindən tələb etməyə heç kimin haqqı yoxdur. 

Nitsşe yazırdı ki, layiq olmadığı haqq və imtiyazları tələb etmək kölə psixologiyasının göstəricisidir. Bu, öz yerində.  

XX əsr sosial fəlsəfəsi avtoritar liderlərin ucbatından daha çox gücün tənqidi üzərində qurulmuşdu. Mişel Fuko söhbəti bio-iqtidar anlayışına, yə təkcə fikirlərimizin, davranışlarımızın deyil, bədənlərimizin də hakimiyyətlərə məxsus olması vahiməsinə qədər aparıb çıxarmışdı və bu gün Byunq Çul Xan, Slavoj Zizek kimi filosofların da bar-bar bağırdığı kimi, pandemiya qorxusu ilə insanlığın yenidən gücün (dövlətin) avtoritetindən imdad umduğu, tələb etdiyi bir dövrdə bu tənqidi fəlsəfə o qədər kütləviləşib ki, XXI əsrin filosofu, intellektualı ya özünə başqa bir iş tapmalı, ya da gücü yamsılayana müxalif olana müxaliflik etməlidir. Tənqidin tənqidi məsələsi. Kütləvi təxəyyülün əlinə keçən istənilən mövzu tükənmişdir deməkdir.  

Çul Xan hər nə qədər post-pandemiya dövründə güc mərkəzinin demokratik Qərbdən avtoritar Asiyaya yer dəyişəcəyini desə də, hələ ki, bir çox Asiya ölkələri üçün – bu dəfə biz də onların arasındayıq -  ortada iki yol var; ya demokratik orientalizm, ya da avtoritar okzidentalizm. Birincisində dövlətin azadlığı məhdudlaşdırılır, ikincisində vətəndaşın. Birincisində büdcənin sahibi sən olmursan, ikincisində süfrənin. Bu gün əsl seçim də budur, yerdə qalanlar Qərb illüziyyasıdır. 

Əvvəlcə ondan başlayaq ki, demokratik mübarizə (istənilən sahədə) perspektivdəki potensialını reallaşdırmaq istəyən və bu imkanı əldə etmək üçün mübarizə aparan alternativ gücün mübarizəsi deməkdir. Müxaliflik zövq, eqo, şəxsiyyət üstünlüyü məsələsi deyil. Yoxsa bu düşüncə indi rüşvətxor, vicdansız, şəxsiyyətsiz kimi damğalanan adamların siyasi reallıq dəyişdikdə dərhal müxalifətə keçib şəxsiyyət, vicdan, düzlük kimi dəyərlərin təmsilçisinə çevrilməsinə və bu dəfə onların müxalifətdə olarkən namus, vicdan, şəxsiyyət mücəssəməsi olan keçmiş opponentlərinin rüşvətxor, vicdansız, şəxsiyyətsiz kimi damğalanmasına yol açar. 
     
İstəsək də, istəməsək də neoliberal anlayışları tarixi Şərq-Qərb qarşıdurması kontekstində araşdırmalıyıq. İngilis dövlət xadimi Balfurun, ondan əvvəl isə Napoleonun dediyi "Şərqlilər özlərini idarə edə bilməzlər, onları idarə etmək lazımdır” sözlərini avropalılar unutmadığı kimi, biz də unutmamalıyıq.  Bizdə yanlış təbliğ olunan bir fikir var ki, demokratiya dövlətə deyil, dövlət demokratiyaya xidmət etməlidir. Azərbaycanda demokratiya bilərəkdən dövlətin ziddi, alternativi olan bir məfhum olaraq başa düşüləcək hala salınıb və bu məsələdə özünə "demokrat” deyənlərimizin də misilsiz "əməyi” var. Azərbaycanda demokratsansa, dövlətin əleyhinə olacaqsan, bu qədər! Hətta cəsarətə ehtiyacı olmayan bir fikir deyim ki, Elçibəy hökumətinin ömrünü qısaldan da bu yanlış düşüncə oldu. Özünü demokratik hesab edən düşüncə öz qurduğu düzəni dağıtdı. Yəni əvvəlcə nəticəni yaratdı, sonra səbəblər axtarmağa başladı. 
Demokratiyası kəlməbaşı nümunə göstərilən ABŞ-da seçkilərdə nə baş verməsindən asılı olmayaraq, bu ölkədə ta yarandığı gündən dövlət demokratiyanın deyil, demokratiya dövlətin xidmətindədir. Demokratiyanın işinin adı dövlətin avtoritarlığını, hegemonluğunu bütün sahələrdə təmin etməkdir. Çin kommunizmi kimi. Rusiyadan fərqli olaraq, bu iki ölkədə avtoritar olan şəxs yox, dövlətin, sistemin özüdür. ABŞ-da demokratiya dövlətin çəkdiyi dairədən kənara bir addım atmaq istədikdə qarşısında silahlı polisi görür.  

Özümüzə lap astadan sual verməliyik ki, nə üçün ABŞ kimi demokratik hamisi olan İsrail kimi güclü bir dövlət 1948-ci ildən bu yana demokratiyanı özünün milli problemi kimi görür və demokratiya ilə yəhudi millətçiliyinin bir arada ola biləcəyi bir sistem yaratmaq istəyir? Yaxud nə üçün Türkiyə Böyük Millət Məclisi 1920-ci ildə qurulmasına baxmayaraq, yalnız 26 ildən sonra çoxpartiyalı sistemə keçdi?

Lap astadan isə ikinci bir sualı pıçıldamalıyıq: "Əcəba, islam inancı ilə demokratik dəyərlərin ortaq nöqtələri varmı? İraqın, Liviyanın, Misirin küçələrində tələm-tələsik bu qədər qan tökməyə dəyərdimi?” 

Mən burada tarixi lenti lap əvvələ sarıyaraq, müsəlman cəmiyyətinin bünövrəsinin insanların sosial, siyasi, iqtisadi, mədəni və s. həyatlarının bütün sahələrinə yön verən islam dininin lap başından öz peyğəmbərini həm də bir dövlət başçısı kimi gördüyünü və müsəlman cəmiyyətinin gözünü açıb şəxsin xarizması ətrafında birləşdiyini deməyəcəyəm. Bu, köhnəlmiş fikirdir. Onu da deməyəcəyəm ki, başlanğıcda xristianlıq Roma imperiyasına müxalif idi, islam isə xilafət, ərəb imperiyası yaratdı. Birincidə şəxsin xarizması dağıdıcı idi, ikincisində birləşdirici.  

Ancaq bunu deməliyəm ki, Hantinqton, Fukuyama kimi dünyanın yaxın gələcəyinin "falına baxan” intellektuallar lap əvvəldən elan ediblər ki, islam düşüncəsi dünyəvi-liberal dəyərlərlə ziddiyyət təşkil edir. Hətta Hantinqton müsəlman aləminin daha dərinlərinə enərək bildirdi ki, islam cəmiyyətlərində din xadimlərinə verilən rol və şəriətin qaydaları o qədər sərt şəkildə tənzimlənir ki, bu gün xristian dünyasında olduğu kimi, nə vaxtsa müsəlmanlarda da siyasi hakimiyyətlə dini hakimiyyətin bir-birindən ayrılması inanılmaz görünür.

Hantinqton demək istəyirdi ki, müsəlman ölkələr hər nə qədər Avropa konstitusiyalarını üzündən köçürsələr də, burada din siyasətdən ayrılmayıb və ayrıla da bilməz. Bu, indiki halda, sadəcə, mümkün deyil. Çünki islam dini təməlində həm də siyasi bir zərurət kimi ortaya çıxıb. İslam inancına mənəvi-ruhani narrativlər toplusundan daha çox, dövlət ideologiyası kimi nəzər yetirilməlidir. 

Hardansa oxumuşdum ki, İran İslam Respublikasının adında əvvəlcə "demokratik” sözü də var imiş, sonra qurucu Xomeyni bu sözü çıxarıb demişdi ki, islamla demokratiya sözü bir yerdə bizə əngəl ola bilər. 

Hantinqton demokratiyanın təkcə müsəlman aləmində deyil, eyni zamanda, Hinduist, Konfutsi, Buddist cəmiyyətlərdə də bəri başdan uğursuzluğa məhkum olduğunu iddia edirdi. Bu cəmiyyətlər, xalqlar min illərdir onların mövcudluqlarını təmin edən, gücləndirən inanclarını heç bir Qərb liberalizminə, demokratik dəyərlərinə dəyişməyəcəklər. Bu cür cəmiyyətlərdə demokratiyadan imtina yuxarıların aşkar, aşağıların gizli istəyidir. 

Fukuyama "soyuq müharibə”dən sonra populyar kültürün dərvişlərini islam ölkələrinə göndərən Qərbin liberal demokratiyasının dünya üzərində hakimiyyətə gəldiyini, bununla da tarixin başa çatdığını iddia edirdi: "Liberalizm – insanlıq artıq öz yolunu seçib”, - Fukuyama deyirdi. İslama gəlincə, bu din kommunizm kimi bəlli bir əxlaqi, siyasi və sosial ədalət sistemlərinə sahib ideologiya olsa da, liberal demokratiya ilə at yarışdıracaq dərəcədə qlobal bir gücə sahib deyildir. İslam düşüncəsi yalnız teokratik dövlət modeli yaratmağa qadirdir, bu da müsəlman olmayanlar üçün heç vaxt maraqlı olmayacaq. Fukuyama da Hantinqton kimi müsəlmanların nə vaxtsa öz inanclarına xas olan bir liberalizm yarada biləcəkləri ehtimalını irəli sürürdü.

Qərb intellektində belə bir yanaşma var ki, hətta Qərb demokratiyası özü də xristian inancının təkamülünün nəticəsidir. Yəni mənşəcə dinidir. Konkret olaraq Arnold Toynbi, Bassam Tibi kimi müəlliflər liberal-demokratiyanın bir protestant-xristian düşüncəsinin məhsulu olduğunu və müsəlman aləmində bunun baş tutmayacağının səbəbini iqtisadi, mədəni çətinliklərdə deyil, islamın özündə, daxili strukturunda gizləndiyini vurğulayırlar. Protestantlıq xristianlığın daxilində alternativin mümkünlüyünə yol açmasaydı, kim bilir, Qərb siyasi düşüncəsi monarxizmdən qurtula biləcəkdimi? Tanrının fikrinə qarşı çıxmaq mümkündürsə, kralın fikrinə qarşı çıxmaq niyə mümkün olmasın? Demokratiya Qərbin bu suala verdiyi cavabdır. Belə çıxır ki, hətta demokratik düşüncə də dini düşüncə ilə uzlaşmanın ortağı kimi yaranmadıqca özünü doğrulda bilməyəcəkdir. Bu yanaşma ilə hətta Rusiyada demokratiyanın əbədi kimi görünən ümidsizliyini də İsanın şəxsini müqəddəsləşdirən pravoslavlığa bağlamaq olar. Demək ki, Putinin avtoritarlığının hamisi İsanın pravoslavlıqdakı avtoritetidir.

Demokratiya məsələsində xeyli islam alimi də Qərb həmkarlarını dəstəkləyirlər. Pakistanlı məşhur din alimi Mevdudi Qərb demokratiyası ilə islamın heç bir oxşarlığının olmadığında israrlı bir mövqe sahibidir. Mevdudiyə görə, islam xalq hakimiyyətini tamamilə inkar edir. Xalq özünə rəhbər seçə bilməz. İslamda idarəçilik Allah və onun seçdiyi xəlifə üzərinə vəzifədir. Mevdudi müsəlman dünyasında olsa-olsa özünün kəşf etdiyi "teodemokratik” rejimlərin qurula biləcəyini deyir. Yəni Allahın hökmranlığı altında xalqa məhdud hakimiyyət vermək olar, bəzi şəriət hökmlərinin verilməsində xalq nümayəndələrinin iştirak etdiyi kimi. O başqa məsələ ki, Mevdudi 1955-ci ildə haqqında verilən edam hökmünü Konstitusiya məhkəməsi ləvğ edərkən özü də demokratiyanın "dadına” baxmış və onun heç də pis dadmağını etiraf etməli olmuşdu. 

"Müsəlman qardaşları” icmasının qurucularından biri, daha doğrusu, birincisi olan Həsən Əl-Bənna da demokratiya kəlməsini Hitlerin və Mussolinin adı ilə yanaşı çəkirdi. "İslam və Barış” adlı məktubunda demokratiyanın "d”sından xəbəri olmayan müsəlamlara, amanın günüdür, demokratiyaya çox da etibar etməyin, Hitleri də, Mussolinini də Qərb demokratiyası doğdu deyə xəbərdarlıq edirdi. Halbuki 1948-ci ildə İsrail dövləti yaradıldıqdan sonra demokratik olmayan ərəb dünyasında millətçilik ideologiyası çiçəkləməyə başladı. Yəni faşizmin uğuru üçün demokratiyanın olması mütləq şərt deyildi.

Müsəlmanların daxili harmoniya hesabına "Teodemokratiya” deyə bir sistem yarada biləcəyini düşünənlərin fikrincə, bunun üçün islamda özünəməxsus təməl prinsiplər mövcuddur. Belə ki, İslamda Şura (parlament), icma (partiya) və ictihad (hüquqi əsas) anlayışları var ki, bu anlayışları inkişaf etdirərək milli liberal-demokratiyanın əsaslarını yaratmaq olar. Bu isə küçə yox, düçüncə inqilabı tələb edən zaman məsələsidir. 

Bütün bu yazdıqlarımızdan sonra son olaraq şəxsi fikrimi də deyim ki, ürəyimdə qalmasın; mənə görə, azərbaycanlı demokratiya dedikdə, Qərbə yox, Şərqə, uzaq qohumlara yox, yaxın qonşulara baxmalıdır. 
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->