Ölkə 23:43 22.06.2019

Ödənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)

Ödənişli təhsil forması üzrə qəbul olanların sayı dövlət sifarişi əsasında qəbul olanların sayından 2.3 dəfə çoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent” jurnalının 12-ci sayında bildirilib. 

Qəbul olanların tərkib hissələri arasındakı bu qeyri-tarazlıq heç də bütün ali təhsil müəssisələrində eyni forma və nisbətdə olmayıb. Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası və Bakı Musiqi Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrində ödənişli təhsil forması üzrə tələbə qəbulu üstünlük təşkil edib.

Abituriyentlər Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Biznes Universiteti, Bakı Qızlar Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına yalnız ödənişli təhsil forması üzrə qəbul olublar.

ADA Universiteti dövlət sifarişi əsasında tələbə qəbulunda iştirak etməkdən ümumiyyətlə imtina edib.

Azərbaycan İlahiyyat İnstitutuna isə qəbul yalnız dövlət sifarişi əsasında aparılıb.

Dövlət ali təhsil müəssisələrinə qəbul olan tələbələr içərisində ödənişli təhsil forması üzrə qəbul olanların nisbi çəkisi (faizi) Azərbaycan Texnologiya Universiteti (97.74%), Sumqayıt Dövlət Universiteti (96.63%) və Naxçıvan Müəllimlər İnstitutunda (93.52%) ən yüksək olub.