Ölkə 19:15 06.08.2017

“Dəniz kuboku - 2017”nin voleybol yarışının qalibi Azərbaycan oldu

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi, Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi, İran HDQ-nin “Cövşən” raket kateri və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisinin ekipajları bu gün voleybol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.

"Qaynarinfo"nun Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman meydançasında təşkil olunan oyunlar olimpiya sistemi üzrə keçirilib.

Rusiya və İran komandaları arasında keçirilən ilk görüşdə İran dənizçiləri uğur qazanıb.

Azərbaycan və Qazaxıstan komandaları arasında keçirilən görüşdə isə meydan sahibləri qalib gəliblər.

Gərgin final oyununda Azərbaycan dənizçiləri İran komandasına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Üçüncü yer uğrunda keçirilən görüşdə isə Rusiya dənizçiləri Qazaxıstan komandasından üstün olublar.

Sonda komandalara medallar, fəxri fərmanlar, hədiyyələr və kuboklar təqdim olunub.

Qaynarinfo.Az