Dənizçi - şair Faiq Balabəyli ömrünün 55-ci limanına yan aldı…

Dənizçi - şair Faiq Balabəyli ömrünün 55-ci limanına yan aldı…

Ədəbiyyatdan və dənizdən iki 5 alan şair-55 yaş

Martın 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış şair-publisist Faiq Balabəylinin 55 illik Yubiley tədbiri, yaradıcılıq gecəsi və yeni nəşr olunmuş "Yağışdan sonra” adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə şair Qəşəm Nəcəfzadə açaraq onun həyat və yaradıcılığından qısaca söz açdı və yubilyarı səhnəyə dəvət etdi.
Faiq Balabəyli hər kəsi salamlayaraq tamaşaçılara xoş gəlmisiniz, dedikdən sonra aparıcı AYB- nin təbrik məktubunu oxumaq üçün  sözü AYB -nin katibi,  yazıçı İlqar Fəhmiyə  verdi.

İlqar Fəhmi Yazıçılar Birliyinin təbrik məktubunu oxuduqdan sonra, Faiqlə uzun müddət olan tanışlıqdan bəhs edərək onun yaradıcılığının məziyyətlərindən söz açdı:

-"Faiqlə 20 ildən çoxdur ki, tanışıq. Bu tanışlıq dostluğa qədər gəlib çatıb. Bu illər ərzində onun haqqında heç vaxt pis bir şey eşitmədim və müşahidə etmədim. Yaşda məndən böyük olsa da bu yaş fərqini heç hiss etmədik. Gülərüz və səmimi bir insan olaraq hər zaman haqqında ancaq xoş sözlər söylənildi. O şeirlərində də, nəsrində də səmimi və həqiqəti yazan adamdır. Onun "Bayıldan Bayıra” kitabını oxuduqdan sonra bu əminlik məndə daha da yəqinləşdi. Həyatın dibində olan , qaranlıq mühitdə çarpışan , yaşayan insanların iç dünyasına qədər gedə bilmiş yazıçı bu qaranlıqda hər hansı bir işığı tapıb cəmiyyətə ötürə bildi.”



Şairin dostu, ədəbiyyatımızın ağsaqqalarından biri, bütün türk dünyasında tanınan və sevilən, xalq şairi Sabir Rüstəmxanlı da öz çıxışında F.Balabəylinin ədəbiyyata gəldiyi ilk günlərdən özünün yaradıcılığı ilə diqqət mərkəzində olduğunu bildirdi. Onun yaradıcılığındakı vətənpərvərlik xəttinin əsas xətt olmasından söz açdı. İctimai -siyasi fəaliyyətindən bəhs etdi:

"Faiq ədəbi mühitdə də, həyatda da ancaq səmimiyyəti və düzgünlüyü ilə tanınır. Ən çətin, ekstremal vəziyyətlərdə belə ruhdan düşmür, mübarizdir, onun sifətindən təbəssüm əskik olmur. Hər kəslə münasibət qurmağı bacarır, hər kəsdə ancaq müsbət çalarları görür və tanıdır. Onun poeziyası və nəsrində dolğun müşahidələri və istedadı oxucuları tərəfindən daima seviləcəyindən xəbər verir.F.Balabəyli həm də dənizçidir. O,gəmi kapitanı olaraq uzun illər həm Xəzər dənizində,həm də dünyanın bir çox sularında fəaliyyət göstərib.Dənizi yaxşı tanıyır ,onun "hər sifətini "görüb.Dəniz obrazına AZƏRBAYCAN Ədəbiyyatında çox az müraciət olunub.Lakin F.Balabəylinin yaradıcılığının əsas qayələrindən biri də məhz dənizdir.”



Millət vəkili, tarix elmləri doktoru, professor Fəzail İbrahimlinin çıxışında da Faiqin yaradıcılığı və xarakterinin bir birini tamamlamasından söz açıldı.

Yubiley tədbirində ADXG QSC- sədr müavini Cəbrayıl Mahmudlu da çıxış edərək, yubilyarın uzun müddət XDND-nın gəmilərində işləməsindən və gəmi kapitanı olaraq daima nümunəvi işçi kimi tanınmasından söz açdı.

Onun bədii yaradıcılığının da dənizçilər tərəfindən mütəmadi olaraq izlənildiyini xüsusi vurğulayaraq şairi təbrik etdi.
 
Tanınmış rəssam- şair Sehran Allahverdi yubilyarın sənətkarlıqla işlədiyi rəsmini ona hədiyyə etdi və çox səmimi şıxışı ilə fərqləndi:

"Faiq səmimiyyətin özüdür. Onun baxışlarına diqqətlə baxdıqda, bu 55 yaşlı şairin uşaq kimi saflığını görməmək mümkün deyil. Faiqin məsum, saf, körpə uşaq qəlbi onun gözlərinin içindən adama tərəf boylanır.”



Azərbaycan-Cənubi KOREYA dostluq cəmiyyətinin sədri, tanınmış politoloq Adıgözəl Məmmədov da öz çıxışında yubilyarın xarakterinin möhkəmliyindən və daima həqiqətin yanında olmasından bəhs etdi. Rəhbəri olduğu təşkilatın hədiyyəsini və fəxri fərmanını ona təqdim etdi.



Faiq Balabəylinin yeni "Yağışdan sonra”adlı şeirlər kitabının redaktoru, Moskvada yaşayan tanınmış şair Afaq Şıxlı yubilyarı təbrik edərək onun yaradıcılığından xüsusi bir istəklə söz açdı, onu qardaş qədər sevdiyini dilə gətirdi:

"Bəzən deyirlər yaxşı şairlər yoxdur. Bu belə deyil, görünür yaxşı oxucu tapılmır. Faiqi oxuyan hər bir kəs onun poeziyasından zövq ala bilər.”



Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının sədri, tanınmış şair Əkbər Qoşalı və birliyin sədri şair İntiqam Yaşar da yubilyarı təbrik edib, ona fəxri diplom və Rusiya Federasiyası Yazıçılar İttifaqının Arxangelsk regional şöbəsinin və Arxangekskdə fəaliyyət göstərən Azərbaycan Diasporasının başqanı Tərlan Qasımovun təbrik məktublarını oxudular.

Tarix üzrə Fəlsəfə doktoru, şair Həyat Şəmi də öz çıxışında Faiqin bütöv xarakterə sahib adam olduğundan bəhs etdi. Onun insanlarla münasibətindən və xüsusi olaraq cəsarətli bir insan olmasından söz açdı.

Tanınmış şair Kəmalə Abıyevanın maraqlı çıxışı da şair haqqında deyilən xoş sözlər,təbrik və arzularla dolu idi.

Filologiya Elmlər Doktoru professor, tənqidçi Rüstəm Kamal, yazıçı Aləm Kəngərli,  şair Kəmaləddin Qədim, Fərqanə Mehdi, Arzu Nehrəmli, Narıngül Nadir, Nuranə Nur, Seyran Səxavət, Vasif Süleyman, İbrahim Rüstəmli öz çıxışlarında yubiliyar haqqında xoş sözlərini və arzularını çatdırdıraq təbrik etdilər.

Qafqaz Media Birliyinin rəhbəri Azadə Taleh də çıxış edərək şairi xususi diplomla mükafatlandırdı.



Respublikanın xalq artisti Eldost Bayram, gənc yazar,qiraətçi Müşfüqə Baladdinqızı Faiq Balabəylinin şeirlərini səsləndirdilər.



Musiqili qonaqlar,həmçinin Respublikanın Əməkdar artisti, tanınmış və sevilən müğənniləri Yusif Mustafayev ,müğənni Fəridə Mirişova, Kənan Adil, Art qrupu, Ziba Hüseynova  şairin sözlərinə bəstələnmiş mahnıları ifa edərək tədbirə xüsusi bir ahəng qatıblar.



Yubilyarın 1 yaşlı nəvəsi,balaca Dənizin musiqi sədaları altında etdiyi rəqs isə hər kəs tərəfindən böyük  sevgi və alqışlarla qarşılandı.



3 saatdan artıq davam edən tədbirdə edilən maraqlı,səmimi çıxışlar,danışılan xatirələr və musiqi töhfələrindən gələn qonaqlar və tamaşaçılar böyük zövq aldılar.

Ömrünün 55 ilini yaradılığa və dənizçiliyə həsr edən şairə saysız-hesabsız yubiley sevinci, həyatının müdrik yaşlarını isə şəxsi həyatında və yaradıcılığında çoxlu uğurlarla yaşamasını arzulayırıq.

Aysel Səfərli
Müstəqil.Az
 



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR