Ölkə 19:08 04.07.2015

Dənizdə batan polisin dəhşətli faciəsi - FOTO

Bakıda daha bir polis nəfəri vətəndaşı xilas edərkən öz həyatını qurban verdi. Onun dənizdən boğulan qadını və kişini xilas etmək üçün körpəsinin gözünün qabağında canını fəda etməsi insanlığın ölmədiyini göstərsə də, hadisə özlüyündə çox sarsıdıcıdır...

Suraxanı rayon Mühafizə İdarəsinin əməkdaşı Çavuş Nurəliyev Zaur Zakir oğlu Xəzər dənizinin Şüvəlan qəsəbəsi hissəsində batan iki şəxsi xilas etməyə çalışıb. O, qadını xilas etsə də, digər bir kişini xilas edə bilməyib və özü də batıb.

ATV.az hadisəni araşdırıb. Bu işdə sayta Zaurun ortancıl qardaşı Mahir dəstək olub:

- Allah rəhmət eləsin, Zauru dəfn etdiniz, eləmi?
- Bəli, artıq qardaşımı dəfn etdik. İnsan qardaşını itirib, danışmaq çox çətindir. Zaur çox çılğın idi. İdmançı idi. Canlara dəyən oğlan idi. Ailəsi ilə istirahətə dəniz kənarına gedib. Saat 8 radələrində batıb. Hadisə yerinə ilk özüm çatdım.

- Bakıda qalırsınız?
- Bəli. İşdən gəlirdim, yoldaşı zəng edib dedi ki, Zaur dənizdə batıb. Mən də özümü itirmədim, avtomobili verdim kənara... Tez zəng elədim, o biri qardaşıma və dedim ki, maşını saxla, sənə söz deyəcəm. Vəziyyəti ona da dedim. Sonra onunla birgə hadisə yerinə getdik.

- Gördüyünüz mənzərə...
- Çatdım, gördüm ki, 3 aylıq körpəsi avtomobilin arxa oturacağında yatıb. Hər şey maşında, amma bu yoxdu... Millət yığılıb amma özü yoxdu. Dedilər batıb...

- Bir xanımı xilas edən zaman batıb, eləmi?
- Bir xanım batırmış, Səfər adlı oğlan da onu xilas etməyə çalışıb. Zaur soyunub, qaçıb girib suya. Qızı xilas edib, oğlanı da xilas edib. Sadəcə oğlanı çıxarıblar dənizdən və görüblər ki, artıq gecdi. Sahildə ağzından qan, köpük gəlib. Həmin məkanda əslində çimmək olmaz. Çimərlik deyildi o yer... Sadəcə istirahət üçün nəzərdə tutulub, çimmək üçün yox.

- Bəs meyitini nə vaxt tapdınız?
- Sahildə nə qədər avtomobil var idi, işıqları yandırmışdılar. Gecə saat 3-də sahildə meyitini tapdıq. Çox pis vəziyyətdə idi. Daş-qaya parçalarına dəyə-dəyə külək atmışdı sahilə...

- Balaca körpəsi ilə istirahətə yollanıb, nə bilsin ki, belə olacaq.
- Bəli. Həyat yoldaşı, 3 aylıq oğlu ilə birgə istirahət edibmiş. Görüb qız boğulur, kömək etmək istəyib. Həyat yoldaşı, oğlu, baldızı ilə birgə olublar. Onların hamısını maşına qoyub, evə yolladım. Gördüm izdiham böyüyür, qadın yeri deyildi. Onları tez evə yolladım. İstəmədim, uşaq orada qalsın, onsuz da heç nə anlamır hələ...

- Allah rəhmət eləsin.
- Allah ölənlərinizə rəhmət eləsin, çox sağ olun ki, maraqlandınız. Çünki böyük xidmətləri olub, necə dəfələrlə təltif olunub. Hər şey qaldı... 26 yaşında bədbəxt oldu.

- İnsan belə məqamlarda bilmir nə etsin ki, təsəlli verə bilsin. Ən azı bilin ki, biz də Zaurla sizin qədər fəxr edirik.
- DİN-nin demək olar bütün əməkdaşları baş sağlığa gəlib. Sağ olsunlar... Həmişə deyirdi ki, mən heç nədən qorxmuram, heç kəs mənə heç nə edə bilməz. Bir dəfə avtomobil qəzası keçirtdi, Allah onu bağışladı. Ancaq bu dəfə bağışlamadı. Allah axı ona şans vermişdi. Birinci dəfə çatdım ona, indi çata bilmədim. Mən ortancıl qardaşıyam, həmişə mənə zəng edərdilər. O zaman çatdım ona, amma bu dəfə...Özümü buna görə heç vaxt bağışlamayacağam. Gecə  dostlar, qardaşlar- hər kəs gəldi. Onlar da boğulacaqdı, amma çıxartdılar. Üz, gözünü əzən, qana boyayan dostlar da oldu, amma nə fayda, onu xilas edə bilmədik. Zaur bizimlə sağollaşmamış getdi...

Qaynar.info