Siyasət 18:16 16.02.2021

Deputat Prezidentin Qarabağla bağlı sərəncamını şərh etdi

"Sərəncamda əsas məqsəd işğaldan azad edilmiş kənd ərazilərindəki yaşayış məntəqələrinin bərpası zamanı səmərəliyin artırılması, eyni zamanda burada intensiv şəkildə fəaliyyətlərin həyata keçirilməsidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin işğaldan azad edilmiş kəndlərin bərpası ilə bağlı sərəncamını şərh edərkən deyib. Onun fikrincə, sərəncamda əsas məqsəd müfəssəl plan olmadığı və ya əgər plan varsa onun müddəti başa çatdığı halda həmin ərazilərdə tikintiyə icazə verilməsi üçün qaydaların təsdiq edilməsidir:

"Məqsəd ondan ibarətdir ki, müfəssəl plan olmadıqda və ya onun müddəti başa çatdıqda tikinti həyata keçirilirsə, onlar artıq Nazirlər Kabineti tərəfindən ölkə prezidenti ilə razılaşdırmaqla növbəti bir ayda təqdiq ediləcək dəyişiklərdə öz əksini tapacaq. Bu imkan verəcək ki, həmin müfəssəl plan olmadığı və onun müddəti başa çatdığı kənd yerlərində səmərəli şəkildə inşaat işlərini aparmaq mümkün olsun. Həmin işlər isə müfəssəl plan hazırlanan zaman nəzərə alınan tərəflərə uyğun olmalıdır. 

Bir tərəfdən müfəssəl plan hazırlanır, digər tərəfdən bəzi yerlərdə müfəssəl plan yoxdur və ya müddəti başa çatıb. Bu zaman qaydalar müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tərəflərə uyğun olaraq həyata keçiriləcək. Bu da təbii ki, işğaldan azad olunan ərazilərimizin bərpası prosesinin daha səmərəli şəkildə həaya keçirilməsinə imkan verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 259-VIQD nömrəli qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Bahar Rüstəmli