Ekonomiks 14:24 12.11.2017

Deputatdan neftlə bağlı bədbin proqnoz

"Neftin hazırkı dünya bazar qiyməti müvəqqəti haldır və siyasi faktorlardan qaynaqlanır".

Bu sözləri axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

"Səudiyyə Ərəbistanında baş vermiş hadisələr dünya bazarında neftin qiymətlərinə öz təsirini göstərir. Eyni zamanda, ABŞ-da slans neftinin satışı ilə bağlı müəyyən problemlərin yaranması da prosesə təsirsiz ötüşmür. Ancaq neftin hazırkı dünya bazar qiyməti müvəqqəti haldır və siyasi faktorlardan qaynaqlanır. Hesab edirəm ki, 2018-ci ildə neftin orta qiyməti 50-55 dollar səviyyəsində olacaq. Bu qiymətlər isə normal hesab oluna bilər”, - millət vəkili bildirib.

Qeyd edək ki, antikorrupsiya əməliyyatları çərçivəsində Səudiyyə Ərəbistanında 200-dən çox yüksək çinli məmur saxlanılıb. Onların arasında şahzadələr və milyarderlər də var. Ərəbistanda baş verən bu olaylar fonunda neftin dünya bazarındakı qiyməti qısa müddətdə 5 dollar bahalaşıb.

Qaynarinfo.Az