Ekonomiks 16:30 11.05.2019

Sinqapur, yoxsa Honk Kong modeli: Azərbaycana hansı uyğundur?

ABŞ-ın North Dakota Universitetinin maliyyə üzrə professoru Fariz Hüseynlinin Facebook-da yazdığı təhlili Qaynari fo-nun oxucularına təqdim edirik:

Sinqapur mövzusu gündəmdədir yenə, istədim vaxtım az olsa da, bu barədə yazım. 

Sırf iqtisadi cəhətdən dünyada iki şəhər - dövlətin iqtisadi uğuru öyrəniləsidir - biri Hong Kong, o biri də bizə misal çəkilən Sinqapur. Hər nə qədər ikisi də uğurlu olsa da, səbəbləri fərqlidir. 

Mənə elə gəlir biz Sinqapurun yolunu getməkdən çox uzaq düşmüşük. İstər Hong Kong, istərsə də Sinqapurda dövlətin bir uzunmüddətli strategiyası olub və ona sadiq qalıblar. Dövlət iqtisadi anarxiyaya, vəzifədə olanların şəxsi mənafeyinə işləməyib, ona görə ki, qarşıya uzun müddətli planlar-məqsədlər qoyulanda risklər azalır, aqressivlik və korrupsiyaya və "tez qazanım” yanaşmasına meyl azalır.

Sinqapur müstəqilliyinin ilk on illiyini çox əziyyətli və kasıb keçirib. Amma nə əldə olubsa 1968-dən sonrakı iqtisadi islahatlara görə olub. Sinqapurun iqtisadi inkişaf modeli bir neçə əsas faktora əsaslanıb- birincisi, maaşlar üzərində qatı nəzarət olub və maaş artımı demək olar ki, tam dövlətin diqtəsi ilə aparılıb. Hökümət həmkarlar ittifaqlarını tam susdurub və birbaşa şirkətlərin maraqlarını üstün tutub. Bu ikinci əsas üçün lazım idi- ölkəyə əmək tutumlu iqtisadi sektorlar inkişaf etdiriləcəkdi və bunun üçün mütləq surətdə xarici şirkətlər gəlməli idi. Onlar üçün də aşağı maaşlar vacib idi ki, xərcləri az olsun. Yəni dövlət bir növ maaşların uzun müddət aşağı olacağını vəd edirdi. Belə də oldu, maşınqayırma və elektronika, istehsal sahələrində sürətli artım oldu amma maaşlar və işçilərin vəziyyəti çox pis idi. Bununla bağlı Cənubi Koreyanın kimya-elektronika sektoru barədə yazanda yazmışdım. Əmək tutumli sahələrə üstünlük verilməsi ümumi məhsuldarlığı uzun müddət artırmayıb, sırf az maaşlı və disiplinli işçilərin (əsas da qadınlar) hesabına artım əldə olub. Planlamanın gətirdiyi neqativ təsirdi bu. Hong Kong bu baxımdan daha fərqli idi - işçilər daha bacarıqlı idilər və özəl təşəbbüs daha aktiv idi və total faktor məhsuldarlığın artırılması prioritet kimi idi. Yeni Hong Kong qətiyyən daha çox liberal idi, amma bir mövzuda qstı idi - torpaq üzərində güclü hakimiyyəti var idi, ancaq xüsusi planla özəl təşəbbüslərə torpaq verirdi. Sinqapurda isə dövlət hər işə qarışıb tam planlı iqtisadiyyat yeridirdi.

Üçüncüsü, dövlət iki sahədə liderlik etdi: birincisi birbaşa biznesdə iştirak etdi və özəl şirkətlərdən belə daha səmərəli idarə olunan şirkətlər qurdu, yəni köhnənin üzərinə qurulub onu dağıtmadı, əksinə yenidən qurdu. Bu dövlətin büdcəsinə geniş imkanlar gətirdi. İkincisi isə infrastruktur və təhsili prioritet kimi qəbul elədi. Mütləq surətdə rəqabət apara biləcək infrastruktur və təhsilli insanlara ehtiyac var idi. Yəni sadəcə pul tökməklə yox, qarşıya tam məqsədlər qoyub onlar uğrunda planlı çalışmaqla buna nail oldu. Tam işlə təmin olma məqsədi ilə bərabər təhsilli və nizamlı işçilər yaratma planı var idi. Bu işə də çox kiçik bir texnokrat qrup nızarət edirdi.

Amma burada bir vacib məqam var. Ölkədə iqtisadiyyat artanda gəlir artmalıdır, gəlir artanda xərclər artır və bədxərclik əmələ gəlir. Bax bizi ayıran məncə elə budur ki, Sinqapur məcburi qaydada, yəni icbari yığım (saving) proqramı tətbiq etdi. Həm özəl sektor, həm də dövlət sektoru buna tabe idi. Maaşlara qoyulan məhdudiyyətlə yığımın artırılması, ikisi bir yerdə inflyasiyanı azaltdı, ölkədən vəsaitlərin çıxmasını azaltdı. Həm də, dövlət xaricilərin qısa müddətli maliyyə investisiyalarına böyük vergi qoyub onu tam azalda bildi ki, xarici şirkətlər daha çox uzun müddətə gəlsinlər. Əlbəttə yuxarıda dediklərim olmasa idi gəlməzdilər.

Dövlət vəsaitinin qənaətlə və uzun müddətli planla xərclənməsi, insanlara yatırım edilməsi və dövlətin istehsal sahələrindəki xarici biznesi dəstəkləyən müsbət rolu vacib olub. Azərbaycanda isə o nizam intizam və uzun müddətli strategiya olmadı, yığım edən yox dağıdan iqtisadi sistem qurduq. Bu da siyasi səbəblərdən, qurulan siyasi sistemdən irəli gəlir. Mən hələ Sinqapurun yerləşdiyi əlverişli coğrafi mövqedən, xarici ticarətdə üstünlük əldə etmək üçün apardığı siyasətdən danışmadım. Həm də oturub gözləməyiblər ki, bir nazirliyin işi düzəlsin, sonra o birisinə keçərik, əksinə total və kompleks yanaşıblar. Korrupsiya da tam ayrı mövzudu amma yuxarıda dediyim kimi, yığım-qənaət məqsədini tamamlayıb, yəni məqsədsiz olmayıb.

Yəni əyri oturub düz baxanda görürsən ki, fərqlər çoxdu və indiki formatda və bizim reallıqları nəzərə alanda çətin tətbiq ediləcək sistemdir. Həm də, eyni effekti vermə ehtimalı azdır.

P.S: Yazıda bir neçə akademik məqalədəki nəticələrdən, mülahizələrdən istifafə etmişəm..