Siyasət 17:45 10.10.2013

DİP muşahidələrin nəticələrini açıqladı

Demokratik İslahatlar Partiyası oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkisinə dair muşahidələrin nəticələrini açıqlayıb. 

Partiyanın mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumatda deyilir ki, DİP-dən olan müşahidəçilər ölkə üzrə 125 seçki dairəsini və müvafiq olaraq 1000-dək seçki məntəqəsini əhatə edib: "Onların verdiyi məlumatlara görə, namizədlərin qeydə alınması prosesində ciddi əngəllər müşahidə olunmayıb. Bütün namizədlərə elektron və çap kütləvi informasiya vasitələrinə çıxış imkanları yaradılıb. Siyasi qüvvələrin sərbəst toplaşmaq hüququ məhdudlaşdırılmayıb. MSK-nın seçkiləri yüksək səviyyədə təşkil etməsi, seçki maarifləndirməsi sahəsində gördüyü işlər, məntəqələrə müşahidə kameralarının yerləşdirilməsi, seçki günü ictimaiyyətin operativ şəkildə nəticələrlə bağlı məlumatlandırılması, qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara, beynəlxalq təşkilatların nümayəndələrinə seçkiləri müşahidə etmək üçün normal şəraitin yaradılması təqdirəlayiqdir".

DİP-dən olan müşahidəçilər media vasitəsilə sağlam rəqabətin, qızğın siyasi müzakirələrin aparılmamasını, hakimiyyətdən və müxalifətdən olan namizədlərin qarşılıqlı dözümsüzlük nümayiş etdirməsini, rəqabət zamanı siyasi mədəniyyətin çatışmazlığını, seçki günü seçki komissiyası üzvləri ilə müşahidəçilər arasında yaranan lokal toqquşmaları seçki prosesindəki başlıca qüsurlar kimi qiymətləndiriblər: "Bir sıra hallarda KİV-in hakimiyyətin namizədinin təbliğatına daha geniş imkan yaratması birmənalı dəyərləndirilməyib. Çünki nəticədə ictimai dəstəyi geniş olmayan, lazımi təbliğat resursları məhdud olan digər namizədlər qeyri-bərabər şəraitdə mübarizə aparmalı olublar".

Bütün bunlarla yanaşı, DİP-dən olan müşahidəçilər hesab edirlər ki, 9 oktyabrda seçkilər kifayət qədər şəffaf və demokratik şəraitdə keçib, seçicilərə öz iradəsini ifadə etmək üçün sərbəst imkanlar yaradılıb, seçici fəallığı aşkar hiss olunub: "DİP-in müşahidəçilərinin qeydləri və əldə edilən yekun protokolların nəticələri MSK İnformasiya Mərkəzinin elan etdiyi nəticələrlə üst-üstə düşür. Bəzi istisnalar olmaqla, müşahidəçilər prosesdə ciddi qüsurlar, qeyri-qanuni hallar müşahidə etməyiblər. Ümumilikdə bu seçkilərdə ölkədə keçirilən əvvəlki seçkilərlə müqayisədə müsbət irəliləyişlər müşahidə olunub. Seçki prosesi əsasən ATƏT və Avropa Şurasının öhdəlik və standartlarına, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə keçirilib".

Qaynar.info