Dünya 12:07 13.09.2018

Diplomu saxta çıxan nazir istefa verdi

İspaniyanın səhiyyə naziri Karmen Monton istefa verib.

Qaynarinfo xəbər verir ki, istefanın səbəbi nazirin Kral Xuan Karlos Universitetindən əldə etdiyi magistr dərəcəsinin saxta olması ilə bağlı ispan mətbuatında dərc olunan iddialardır. Nazirin imtahan nəticələrinin doğru olmadığı və diplomunun plagiat olduğu bildirilir. Universitet məsələnin araşdırılacağını açıqlayıb. Vəzifəsindən getmək məcburiyyətində qalan Karmen Monton isə iddiaları rədd edir. 

Bu, Pedro Sançezin rəhbərliyi ilə 4 ay əvvəl qurulan sosialist hökümətində 2-ci istefadır. Daha əvvəl mədəniyyət və idman naziri Maksim Huerta 2006 və 2008-ci illərdə 220 min avro vergidən yayınma iddiasına görə istefa verib. Hökümətdə 17 nazir vəzifəsindən 11-i qadınlara tapşırılmışdı. Montonun istefası ilə bu say 10-a düşüb.

Qeyd edək ki, Kral Xuan Karlos Universitetinin adı daha əvvəl də bu tip qalmaqallarda çəkilib. Bir müddət əvvəl Madris bölgə rəhbəri Kristina Kifuentesin də magistr dərəcəsini haqsız şəkildə əldə etdiyi iddia edilmiş və o, magistr diplomundan imtina etmişdi.

Gülşən