Foto 14:42 24.05.2019

DİQQƏT! Övladı qəbul imtahanı verən valideynlərin nəzərinə

"Qəbula girəcək şagird il boyu hazırlaşdığı üçün beyni həddən artıq yüklənir. Əksər vaxtlarda isə ixtisas seçimində ailə ilə övladın istəyi üst-üstə düşmür”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Lent.az-ın suallarını cavablayan psixoloq Sevinc Baxışova deyib. O bildirib ki, sözügedən vəziyyətdə abituriyentlə valideynlərin arzusu uzlaşmadığından bütün hazırlıq dövrü şagird çətinlik çəkməklə yanaşı gərginlik də keçirir:

"Belə ki, valideynlər hazırlıq proseslərinə kifayət qədər çox vəsait xərclədiyindən ali məktəbə qəbul olmadığı halda ona cəzalar tətbiq edəcəklərini qeyd edirlər.

Ana və atalara səslənirəm ki, bu dövrlərdə övladlarını tənqid və ya digərləri ilə müqayisə etməsinlər. Bunların əksinə valideynlər övladlarına ruh yüksəkliyi aşılamalı, onlara inandıqlarını və "hər şey alınacaq” sözlərini deməli, bildirməlidirlər”.

Psixoloq əlavə edib ki, son illərdə imtahanda pis nəticə göstərən abituriyentlər arasında intihar halları artıb:

"Valideynlər bunu nəzərə alaraq hazırlıq dönəmində övladlarını qrup terapiyası və ya fərdi terapiyaya yönləndirməlidirlər. Çünki peşəkarların müdaxiləsi həm yeniyetmələrin, həm də valideynlərin imtahana olan baxışının dəyişməsinə, imtahan öncəsi gərginlik və stressdən azad olmasına və abituriyentlərin ancaq elmi biliklərlə məşğul olmasına kömək edəcək.

Bununla bağlı mütləq ailələrdə, eləcə də məktəblərdə maarifləndirmə işləri aparılmalıdır. Həmçinin abituriyentlərlə diqqətli və mülayim rəftar edilməlidir.

Bütün hallarda yeniyetməyə hazırlıq vaxtları və ya imtahanlardan sonra nəsə pis bir şey olsa, o zaman məsuliyyət valideynin üzərinə düşür. Əgər hansısa pis hadisə baş verərsə, bu valideynin ömür boyu əziyyət çəkməsi ilə nəticələnə bilər. Ona görə də bu cür halları qabaqcadan önləmək lazımdır”.