Video 23:00 29.01.2018

Diqqətli olun, bu sahədə qaydalar dəyişdi (VİDEO)

Bundan sonra dərmanlar apteklərdə fiziki-kimyəvi və toksikoloji xüsusiyyətləri nəzərə alınmaqla qruplaşdırılacaq. Xüsusiyyətləri fərqli olan dərmanlar eyni rəflərdə yerləşdirilməyəcək. Psixotrop dərmanlar isə siqnalizasiyalı otaqlarda saxlanılacaq.

Apteklərdə dərmanlar fiziki-kimyəvi xüsusiyyətlərinə uyğun yerləşdiriləcək.

Səhiyyə Nazirliyinin Kollegiyası apteklərdə dərman vasitələrinin saxlanılması və keyfiyyətinin təmin edilməsi tələblərini təsdiqləyib. Qaydalara əsasən dərman vasitələri farmakoterapevtik qruplar üzrə yerləşdiriləcək. Fiziki-kimyəvi və toksikoloji xüsusiyyətləri nəzərə alınmaqla, içlik vərəqəsində və ya dərman vasitəsinin qablaşdırıldığı qabın üzərində göstərilmiş saxlanma şəraitinə uyğun olaraq digər təyinatlı mallardan ayrıca saxlanılmalacaq.

Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq Subyektləri ilə İş Şöbəsinin müdir müavini Pərviz Əzizbəyov bildirib ki, bioloji fəallığa malik qida əlavələri də ayrıca rəf və dolablarda, dərman vasitələrindən ayrı saxlanılmalıdır. Həmçinin, dərmanların saxlanma temperaturuna tam cavab verə bilən anbar şəraiti də yaradılmalıdır. Burada da dərmanlar saxlanma temperaturuna uyğun şəkildə qruplaşdırılacaq. Psixotrop dərmanlar isə apteklərdə siqnalizasiyası olan otaqlarda saxlanılacaq.

Narkotik tərkibli vasitələrin, psixotrop və güclü təsirə malik maddələrin saxlanıldığı yerlərə yalnız aptek rəhbərinin əmri ilə təyin olunmuş məsul şəxslərin girişinə icazə veriləcək.