Sağlamlıq 11:14 17.08.2020

"Diridoğulma meyarları inkişaf etdikcə serebral ifliclə doğulan uşaqların sayı artır" - Vüsal Mahmudov

"Serebral ifliclə doğulan uşaqların sayı son illərdə xeyli artıb. Hər min doğuşa 2,4 faiz təşkil edir. Yəni on min uşaqdan 24-ü serebral ifliclə doğulur deməkdir”. 

Bunu travmatoloq-ortoped cərrah Vüsal Mahmudov deyib. Mütəxəssis problemin artması səbəblərindən biri kimi son dövrlər doğumda texniki imkanların genişlənməsini göstərib. Onun sözlərinə görə, diridoğulma meyarları təkmilləşdikcə, bu cür problemlər də təbii olaraq artır: "Texniki imkanlar nə qədər artsa, serebral ifliclə doğulan uşaqların sayı da o qədər artır. Məsələn, 20 il əvvəl deyək ki, 1 kilo və altında doğulan uşaqları yaşatmaq mümkün deyildi. İndiki imkanlar onda yox idi. Amma indi bu dəqiqə ölkəmizdə 600 qram doğulan uşaqları yaşadırlar. Vaxtından əvvəl və az çəki ilə doğulan uşaqların yaşama şansı artdıqca serebral iflicin rast gəlinməsi faizi də artacaq. Texnologiya inkişaf etdi o uşaqları yaşatdı, amma onların doğuşu əsnasında beyin inkişaf edə bilmədi və ilk xəsarət alan orqan da məhz beynin özü oldu. Üstəlik, xəstəlikli hamiləliklərin sonunda serebral ifliclə uşaq dünyaya gətirmək riski çoxdur. 20 il əvvəl indiki infeksiyalar yox idi. İndi saysız-hesabsız infeksiyalar var. Qadınların siqaret çəkməsi, alkoqol içməsi də səbəblər sırasındadır”. 

V.Mahmudovun sözlərinə görə, işin sıxıntılı tərəfi həm də odur ki, bu cür hallar daha çox kasıb, maddi gəliri az olan ailələrdə olur. Bu cür ailələr uşaqlarını axıracan müalicə etdirə bilmirlər. Həmsöhbətimiz deyir ki, bir müddətdən sonra ölkəmizdə bu xəstəlik əlilliyi ən çox olan uşaq xəstəlikləri sırasına girəcək: "Ümumiyyətlə beyin iflici dünyada əlilliyi daha çox olan uşaq xəstəliyi sayılır. Bu, dövlət üçün ciddi çətinlik yaradacaq, çünki əlilliyi olan uşaqlara pensiya vermək, sosial təminat, reablitasiya mərkəzlərinin yaradılması büdcə üçün yeni yük olacaq. Odur ki, nə qədər tez bu problemin üstünə düşsək, vaxtında aşkarlayıb müalicəsini etsək, o qədər problemdən yan keçmiş olarıq. Ailələr gənc yaşlarında belə xəstə övladlarına baxa bilirlər, amma onların yaşı artdıqca dövlət məcbur olub onlara qulluğu öz öhdəsinə götürəcək”. 

V.Mahmudovun fikrincə, böyük problemlərdən biri də odur ki, serebral iflic aşkarlandıqdan sonra ailələr hansı müalicələrin olunacağını, hansı prosedurlardan keçməli olduqlarını bilmirlər: "Təəssüflər olsun ki, bizim ölkəmizdə bu xəstəliyin müalicəsi ilə məşğul olan çox az sayda həkim var. 80 milyonluq Türkiyədə 10 min ortopediya həkimi var, onların da cəmi 5-10 nəfəri serebral iflicin müalicəsi ilə məşğuldur. Bizdə bu say lap azdır”. 
Mütəxəssis bildirib ki, bu sahədə insanları ciddi maarifləndirmək lazımdır. Hamiləlik zamanı nələrə ehtiyac var, doğuşdan sonra nə etmək lazımdır, bu hal ortaya çıxarsa hansı yaşda hansı prosedurlar, hansı əməliyyatlar həyata keçirilməlidir, bütün bunlar ailələrə başa salınmalıdır: "Bütün prosedurlar vaxtında reallaşdırılsa, uşaq heç olmasa özünə qulluq edə biləcək səviyyəyə qədər sağala bilər. Bizim bu gün cəmiyyətə qazandırdığımız elə serebral iflic xəstələri var ki, onlar işləyirlər, qazanırlar, dövlətə, cəmiyyətə yararlıdırlar, hətta ailə qurublar və bu gün uşaqlarını yanımıza müayinəyə gətirirlər. Biz həkimlərin də bu istiqamətdə üzərində ciddi məsuliyyət var: alqı maarifləndirməliyik, TV-lərdə, mediada, sosial şəbəkələrdə bu problemlərlə bağlı tez-tez çıxışlarımız olmalıdır. Ən azından problemi önləmək üçün nə etmək lazım olduğunu insanlara başa salmalıyıq”.

V.Mahmudovun sözlərinə görə, serebral iflici ana bətnindəykən aşkarlamaq, demək olar ki, mümkün deyil. Dünyanın ən inkişaf etmiş ölkələrində belə serebral iflicin diaqnozunun qoyulması yaşı körpənin dünyaya gəlişindən ilk 6 ayla 2 yaşı arasındadır. Qardaş Türkiyədə bu, 2,5-4 yaş aralığındadır: "Ona görə yox ki, orada həkimlər zəifdilər, bu serebral iflicin növünə, nə vaxt büruzə verməsinə bağlıdır. Bəli, elə ailələr var ki, uşaq doğular-doğulmaz bəlli edir, elə ailə də var ki, uşağı 14-15 yaşındadır, bilinmir ki, o serebral iflicdir. Əlbəttə, burada ailələrin savadı, dünyagörüşü də önəmlidir. Məsələn, ən böyük problemlərdən biri də evdə doğuşların olmasıdır. Bizdə hələ də bəzi rayon və kəndlərdə doğuşlar evdə aparılır. Bu da riski daha da artırır. Ona görə də bu problemlə müraciət edənlərin arasında regionlardan olanlar üstünlük təşkil edir. Ana vaxtında USM müayinədən keçməyib, infeksiyaya görə yoxlanıb müalicə götürməyib, üstəlik, evdə doğuş keçirməklə övladının xəstə dünyaya gəlməsinə səbəb olub. Təsəvvür edin, hətta doğuşdan pediatr qəbulunda olmayan, peyvəndləri edilməyən uşaqlar gətirilir yanımıza. Bütün bunlarla bağlı maarifləndirmə aparılmalıdır”. 

Həmsöhbətimiz təəssüflə qeyd etdi ki, bu gün beyin iflicinin tam müalicəsi yoxdur: "Beyin iflici beyinin inkişaf etməyən, amma qalıcı xəsarətidir. Bununla bağlı çalışmalar var, kök hüceyrə transferi var, bəlkə gələcəkdə müalicə metodu tapılar. Amma əsasən bizim etdiyimiz müdaxilələr maksimum nəticələr əldə etməyə imkan verir, məsələn, özünü idarə edəcək səviyyəyə çatdıra bilirik. Elə xəstələr var ki, beyin iflici olduğu belə bilinmir, amma təəssüflər olsun ki, beyində xəsarət qalır”