Dodaq dolğusu ən populyar estetik prosedurlardan biri olsa da, onunla bağlı hələ də çoxsaylı yanlış təsəvvürlər mövcuddur. Bir çox pasiyent prosedura necə hazırlaşmalı olduğunu, sonrakı məhdudiyyətləri və mümkün riskləri tam bilmədiyi üçün nəticə gözləniləndən fərqli ola bilər.
Qaynarinfo "Dobrobut” tibb şəbəkəsinin dermatoveneroloq-kosmetoloqu Yuliya Bordunova UNIAN-a açıqlamasında dodaq dolğusuna hazırlıq, prosedurdan sonrakı qaydalar və əks göstərişlər barədə danışıb.
Kimlərə dodaq dolğusu etmək olmaz?
Həkimin sözlərinə görə, bəzi hallarda prosedur yalnız təxirə salınmalı, bəzi hallarda isə ümumiyyətlə aparılmamalıdır.
Müvəqqəti əks göstərişlər bunlardır:
* hamiləlik və südvermə dövrü;
* aktiv herpes infeksiyası;
* dodaq nahiyəsində iltihabi proseslər.
Aşağıdakı hallarda isə prosedurun aparılması qəti qadağandır:
* qanın laxtalanma pozğunluqları;
* kəskin yoluxucu xəstəliklər;
* onkoloji xəstəliklər;
* nəzarət altına alınmayan autoimmun xəstəliklər;
* ağır allergik reaksiyalar;
* keloid çapıqların yaranmasına meyillilik;
* dekompensasiya mərhələsində olan şəkərli diabet.
Yuliya Bordunova bildirib ki, prosedurdan əvvəl kosmetoloq mütləq pasiyentin sağlamlıq vəziyyətini qiymətləndirməli və mümkün riskləri istisna etməlidir.
Prosedurdan əvvəl nələrə diqqət etmək lazımdır?
Mütəxəssisin sözlərinə görə, xüsusi hazırlıq tələb olunmur. Əsas məsələ pasiyentin gözləntilərini həkimlə əvvəlcədən müzakirə etməsidir.
Bu məqsədlə arzu olunan dodaq formasını əks etdirən fotoşəkil də təqdim etmək olar. Lakin həkim xatırladır ki, istənilən formanı bir prosedurla əldə etmək mümkün deyil.
Prosedurdan bir gün əvvəl aşağıdakılardan uzaq durmaq tövsiyə edilir:
* intensiv idman məşqləri;
* sauna və hamam;
* solyari.
Çünki bunlar qan dövranını sürətləndirərək göyərmə və şişkinlik riskini artırır.
Bundan əlavə:
* prosedurdan 2–3 gün əvvəl alkoqol qəbulundan imtina etmək;
* 5–7 gün əvvəl isə aspirin, ibuprofen və digər qan durulaşdırıcı preparatların qəbulunu yalnız həkimin razılığı ilə dayandırmaq tövsiyə olunur.
Bəzən niyə əvvəlcə botoks tətbiq edilir?
Həkim bildirib ki, bəzi insanlarda ağız ətrafındakı dairəvi əzələ həddindən artıq aktiv olduğu üçün dodaqlar nazik görünür və içəriyə doğru bükülür.
Belə hallarda əvvəlcə botulinum toksini tətbiq edilərək əzələ boşaldılır, təxminən iki həftə sonra isə dodaq dolğusu vurulur. Bu, daha estetik nəticə əldə etməyə imkan verir.
Botoks həmçinin ağız ətrafındakı xırda qırışların aradan qaldırılması üçün də istifadə oluna bilər.
Dolğu seçərkən nəyə diqqət edilməlidir?
Dermatoloqun sözlərinə görə, bütün insanlar üçün ideal hesab edilən vahid dolğu preparatı yoxdur. Seçim pasiyentin anatomik xüsusiyyətləri və gözlədiyi nəticə nəzərə alınaraq fərdi qaydada aparılır.
Həkim yalnız sertifikatlaşdırılmış preparatlardan istifadə etməyi tövsiyə edir. Onun etibarlı hesab etdiyi markalar bunlardır:
* "Restylane”;
* "Stylage”;
* "Belotero”;
* "Juvederm”;
* "Neauvia”.
Bəzi daha ucuz Çin və Cənubi Koreya mənşəli preparatlar isə kifayət qədər sınaqdan keçirilmədiyi üçün daha çox fəsad yarada bilər. Mütəxəssis xüsusilə "Dermalax” və "Sardenya” preparatlarını etibarlı seçim hesab etmədiyini bildirib.
Onun sözlərinə görə, keyfiyyətsiz preparatlar dolğunun yerini dəyişməsi, bərkimələrin yaranması və gecikmiş iltihabi reaksiyalar riskini artıra bilər.
Klinika necə seçilməlidir?
Yuliya Bordunova klinika seçərkən aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edir:
* həkimin təhsili və ixtisası;
* real iş nümunələri;
* pasiyent rəyləri;
* preparatların sertifikatları və istifadə müddəti.
Çox aşağı qiymətlər, sənədlərin təqdim edilməməsi və suallara cavab verməkdən yayınan mütəxəssislər isə şübhə doğurmalıdır.
Prosedurdan sonra nə etmək olmaz?
Həkimin sözlərinə görə, dolğu tətbiq edildikdən sonra toxumaların bərpası üçün müəyyən məhdudiyyətlərə əməl edilməlidir.
Təxminən iki həftə ərzində sauna, hamam və solyaridən uzaq durmaq lazımdır. Yüksək temperatur dolğunun daha tez sorulmasına səbəb ola bilər.
Bir həftə ərzində stomatoloqa müraciət etmək də tövsiyə edilmir. Çünki ağzın geniş açılması preparatın qeyri-bərabər paylanmasına səbəb ola bilər.
İlk 3–5 gün ərzində:
* alkoqol qəbul edilməməlidir;
* intensiv idmanla məşğul olmaq olmaz;
* ehtiraslı öpüşlərdən çəkinmək məsləhətdir;
* dodaqlara əllə toxunmaq tövsiyə edilmir.
İlk 24 saat ərzində isə isti və acılı qidalardan, həmçinin dekorativ kosmetikadan istifadə etmək məsləhət görülmür.
Həkim qeyd edib ki, öpüşmək qəti qadağan olmasa da, erkən dövrdə gelin yerini dəyişməsi və topalanması riskini artırdığı üçün bundan müvəqqəti olaraq çəkinmək daha məqsədəuyğundur.
Bundan əlavə, ilk günlərdə uzun müddət günəş altında qalmaq və siqaret çəkmək də tövsiyə edilmir.
Dodaqlarda yaranan bərkimələr nə vaxt keçməlidir?
Mütəxəssisin sözlərinə görə, prosedurdan sonrakı 3–14 gün ərzində dodağın daxilində kiçik düyünlər və ya bərkimələr hiss oluna bilər. Bu, adətən şişkinlik və ya daxili göyərmələrlə əlaqədar normal hal hesab olunur.
Əgər iki həftədən sonra da bu bərkimələr qalarsa, mütləq həkimə müraciət edilməlidir. Əksər hallarda problem təhlükəli olmur və preparat xüsusi üsulla paylanaraq və ya zərurət yarandıqda xüsusi ferment vasitəsilə qismən və ya tam həll edilərək aradan qaldırıla bilir.
Dodaqları özbaşına masaj etmək olarmı?
Yuliya Bordunova bildirib ki, bu məsələdə müxtəlif yanaşmalar mövcuddur. Onun sözlərinə görə, prosedurdan sonrakı ilk saatlarda, hətta ilk bir neçə gün ərzində dodaqlara ümumiyyətlə toxunmamaq daha məqsədəuyğundur.
Adətən preparat tətbiq edildikdən dərhal sonra həkim özü yüngül masaj edərək onu düzgün şəkildə paylayır. Ev şəraitində dodaqları özbaşına masaj etmək isə tövsiyə edilmir.
Əgər hər hansı narahatlıq yaranarsa, mütəxəssisə müraciət etmək daha təhlükəsiz hesab olunur. Həkim vəziyyəti qiymətləndirərək zərurət olduqda korreksiyanı düzgün şəkildə həyata keçirə bilər.
Aydın
Şərhlər