Ölkə 14:15 29.05.2018

Dohadan Tunisə uçan təyyarə Bakıya endi: mühərriki dayanıb

Dohadan Tunisə uçan təyyarə mühərrikinin dayanması səbəbindən Bakıda məcburi eniş edib. 

Heydər Əliyev Beynəlxalq Aeroportun mətbuat xidmətindən Qaynarinfo-ya daxil olan məlumata görə, "Qatar Airways” aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin ikinci mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə saat 11:29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib. 

Göyərtəsində 137 nəfərin olduğu "Airbus A330” təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirirdi.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb. 

Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş edib, xəsarət alan yoxdur.