Xəbər lenti

Dotasiyasız qalan rayonlar: Özlərini təmin edə biləcəkmi?
Ekonomiks 11:48 11.08.2017

Dotasiyasız qalan rayonlar: Özlərini təmin edə biləcəkmi?

Məlum olduğu kimi bu il üçün büdcədən 34 şəhər və rayona mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılmadı. Dotasiya almayacaq şəhər və rayonlar isə bunlardır: - Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxıdır. Həmin rayonlara dotasiya ayrılmayacağı ilə bağlı qərar veriləndə müstəqil ekspertlər bunu etirazla qarşıladı.

Bəziləri rayonlara dotasiyanın ayrılmamasını dövlətin strateji siyasətinə uyğun olmadığını desə də, bəzi ekspertlər isə dövlət büdcəsinə düşən yükün azaldılması təklifini irəli sürərək bu qərarın qəbulunu qənətbəxş hesab etdilər.

Xatırladaq ki, həmin ərəfədə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə də yerli icra hakimiyyəti orqanlarına dotasiyasının kəsilməsi ilə bağlı irad bildirmişdi. Onun iradına isə maliyyə naziri Samir Şərifov cavab verərək, 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı icra hakimiyyətlərinə ayrılan dotasiyaların mexanizmini belə izah edib: “Bilirsiniz ki, regional idarələr yaradılır və bu idarələr mərkəzləşdirilmiş qaydada maliyyələşdirilir. Həmin qurumlar hesab edir ki, regional idarələrin yaradılması büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyini artıracaq”.

Samir Şərifov xüsusi vurğulayıb ki, rayonlara ayrılması nəzərdə tutulan dotasiyaların bölünməsi məsələsinə baxıla bilər.Maraqlıdır, həmin qərardan 7-8 ay vaxt keçib.Dotasiya ayrılmayan rayon və şəhərlərin öz büdcəsini formalaşdırmağa gücü yetirmi?

İqtisadşı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, aydındır ki, bu proses təbii olaraq getməlidir:

“Ölkənin rayonları büdcə asılılığından azad edilir. O vaxt da həmin düşüncədəydim, indi də o fikirdəyəm ki, biz rayonların iqtisadiyyatını qurmalıyıq. 34 rayonun çox az hissəsi, bəlkə də 10 rayon özü-öz xərclərini ödəmək qabiliyətindədir. Həmin rayonlara büdcədən ona görə vəsaitlər dayandırılıb ki, büdcədə maliyyə çatışmazlığı var. Maliyyə çatışmazlığından rayonlara dotasiyanın dayandırılması prosesinə 15-20 il bundan əvvəl başlamaq lazım idi. O vaxt büdcəyə neft pulları daxil olanda, bütün rayonlarda yalnız parklar tikilirdi, abadlıq işləri görülürdü, asfalt çəkilirdi. Rayonların iqtisadiyyatı bununla ölçülürdü ki, bölgələr çiçəklənib.Əslində büdcə vəsaitinin abadlığa, park salınmasına və digər işlərə xərclənməsi ciddi səhvdir. O dövrdə ölkə iqtisadiyatının bütün ölkəboyu yayılmasını təmin etmək lazım idi. Dövlət büdcəsinin 45 faizi Abşeronun iqtisadiyyatını təmin edir.Əslində biz iqtisadi disbalansı aradan qaldırmağa hədəflənməliyik. O disbalansı aradn qaldırsaq, əmin olacağıq ki, hansısa rayonun dövlət büdcəsindən vəsait almasına ehtiyacı yoxdur”.

Ekspert qeyd edib ki, təbii bir büdcə yaratmaq lazımdır: “Yəni hansı rayon ki, öz iqtisadiyyatını qurmağa və xərclərini ödəməyə başladı artıq ona büdcədən vəsait dayandırılır. Bu ilbəil təbii balanslaşdırılmış büdcə olmalıdır.Araşdırma aparsaq, həmin 34 rayonun çoxunda sahibkarlar öz işini dayandırıb, aradan çıxıblar.Onların boynuna hesab qoyulur.Çünki mərkəzi büdcədən ayrılmayan vəsait onlardan alınır”.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->