Xəbər lenti

Dünya 4 günlük iş rejiminə keçir: Azərbaycanda niyə utopiya hesab edilir?
Ölkə 11:40 16.08.2019

Dünya 4 günlük iş rejiminə keçir: Azərbaycanda niyə utopiya hesab edilir?

Rusiya əmək haqqının saxlanması şərti ilə işsizliyin qarşısını almaq və həyat keyfiyyətini artırmaq üçün həftədə 4 günlük iş sisteminə keçməyə hazırlaşır. Yeni Zellandiya, Böyük Britaniya və Yaponiyada isə bir çox şirkət işçilərə həftədə 3 gün istirahət verməyə başlayıb. Bəs Azərbaycanda da iş günlərinin sayı azaldıla bilərmi? Azərbaycanın əmək bazarı buna hazırdırmı? 

Qaynarinfo Yeni sabah-a istinadən xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov açıqlamasında Azərbaycanda belə keçidin mümkün olmayacağını deyib:

"Rusiyanın əmək bazarı hələ bu keçidə hazır deyil, eləcə də Azərbaycan.  Bu elə diskussiya olaraq qalacaq. Ümumiliyyətlə, region ölkələrində Rusiya, Azərbaycan, Gürcüstan üçün iş yerlərində işçinin faydalı iş əmsalını artırmaq kimi problemi hələ də durur. Yəni bizdə işçi 8 saat işləyib, Avropa işçisinin 4 saat ərzində verdiyi məhsuldarlığı verə bilmir. Çünki ilk növbədə buna əməyin təşkili məsələsi mane olur, birdə texnoloji məsələlər. Ona görə də nə Rusiya, nə də Azərbaycanın əmək bazarı bu keçidə hazır deyil. İndi ola bilər ki, Rusiyanın hər hansı bir yerində, məsələn Moskva şəhərində bu eksperiment şəklində aparılsın, amma bütöv Rusiya ilə yox. Eləcə də Azərbaycanda vəziyyət belədir".

S.Məmmədov əmək bazarındakı digər problemlərə də diqqət çəkib:

"Təkcə iş həftəsinin deyil, iş saatlarının  qısaldılması mövzusu da aktual mövzudur. Azərbaycanda işləyən insanların yalnız 1/3- nin əmək müqaviləsi var. Azərbaycan üçün ümumiyyətlə bu mövzu haqda danışmağa dəyməz. Siz təsəvvür edin ki, özəl sektor, qeyri-formal əmək bazarı, ictimai nəqliyyat hamısı işləyir, amma dövlət orqanları, büdcə təşkilatları, məktəblər, ali təhsil müəssisələri 4 gün işləyib, 3 gün evdə olurlar. Bu cəmiyyətdə disbalans yaradar. Ona görə də bu Azərbaycan üçün mümkün olmayan məsələdir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->