İdman 17:35 04.03.2018

Ulduz futbolçunun ölüm səbəbi açıqlandı (YENİLƏNİB)

İtaliya millisinin üzvü, "Fiorentina"nın kapitanı David Astorinin ölüm səbəbii açıqlanıb. Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun ölümünə səbəb infarkt olub.

"Udineze" ilə matçdan öncə komandanın qaldığı "La di Moret" otelində meyiti tapılan Astorinin cəsədi məhkəmə-tibbi ekspertizasına aparılıb. Həkimlərin müayinəsindən sonra ölümün dəqiq səbəbi açıqlanacaq. 

Qeyd edək ki, iki qız övladı olan David Astorinin ölümü səbəbindən İtaliya A Seriyasının bu gün keçirilməli olan oyunları təxirə salınıb.

***16.40

İtaliya Seriyasının bu gün baş tutmalı olan oyunları təxirə salınıb. Qaynarinfo xəbər verir ki, buna səbəb "Fiorentina"nın kapitanı, İtaliya millisinin üzvü David Astorinin ölümü olub.

İtaliya Futbol Federasiyası əvvəlcə "Udineze" - "Fiorentina" oyununu təxirə salmışdı. Bir qədər əvvəl digər matçların - "Cenoa" - "Kalyari", "Atalanta" - "Sampdoriya", "Benevento" - "Hellas", "Kyevo" - "Sassuolo", "Torino" - "Krotone" və "Milan" - "İnter" görüşlərinin də təxirə salınması barədə qərar verilib.

***15.24
 
Dünya futbolunu şoka salan hadisə baş verib. 

Qaynarinfo xəbər verir ki, İtaliya millisinin və "Fiorentina"nın futbolçusu David Astorinin meyiti tapılıb.

İtaliya mediasının bir qədər əvvəl yaydığı məlumata görə, 31 yaşlı futbolçunun meyiti "Udineze" ilə bu gün keçiriləcək oyundan öncə komandanın qaldığı oteldə aşkarlanıb.

"Fiorentina"nın kapitanın ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Artıq "Udineze" - "Fiorentina" oyunu təxirə salınıb.
 
Qeyd edək ki, David Astori peşəkar futbolçu karyerasına 2006-cı ildə "Milan"da başlayıb. 2008-ci ilədək bu komandanın üzvü olsa da, əsas heyətdə debüt edə bilməyib. Əvəzində "Pizziqettone" və "Kremonese" klublarına icarəyə verilib. "Milan" mərkəz müdafiəçisini 2008-ci ildə 5 milyon avroya "Kalyari"yə satıb. 2014/15 mövsümündə "Roma"ya, 2015/16 mövsümünün ilk yarısında "Fiorentina"ya icarəyə verilən David 2016-nın yayında 3,5 milyon avroya Floreniya təmsilçisinə satılıb.

Astori 2011-2017-ci illərdə İtaliya millisinə çağırılıb. Bu müddətdə 14 oyun keçirərək 1 qol vurub.