Könül Nuriyeva
Sənət 11:07 15.04.2021

Dünyadan kənara çıxan enerjinin adı

Könül Nuriyeva

Georgi Gürcüyev tamamilə dəyişməyi insan energetikası ilə həyata keçirirdi. Enerjin nəyəsə yönəlməsə, düşməninə çevrilib hər an səni darmadağın edə biləcək mina kimi daima yolunun üstündə dayanacaq.

Həmişə düşünmüşəm ki, qadın dünyanın içinə sığmayan enerjidir. Əgər meylini bir işə, yaxud bir şəxsə salıbsa, onun enerji axını dünyadan kənara çıxır.

Qadını aldadıblar. İndi yox, ana bətnindən düşər-düşməz, antik dövrdən bəri. Uşaq doğmalısan, onlara baxmalısan, ölənə kimi ailənin qulluğunda durmalısan - lap xəstələnib yorğan-döşəyə düşsən də, bu sənin müzakirə mövzusu olunmayacaq öhdəliyindir. Düzdür, buna etiraz edənlər var, amma yenə də bütün qadınlar öhdəlikçi düşüncədən azad deyil. Evdarlıqda, yataqda, işdə boğaza qədər öhdəliyi üstümüzə yıxıb, "Sən bacararsan, kişi kimi qadınsan" - deyib bizdən istifadə edirlər. "Kişidən kənarda heçsən, bacarıqsızsan" düşüncəsi ilə bizi maddi asılılığa salırlar.

Enerji, intuisiya, hadisələrdən tezcə çıxış yolu tapmaq, qayğı çəkmək, diqqətli olmaq, gözəllik və zəkanın vəhdəti, istedadın əskik olmaması, eyni zamanda, bir neçə işi görmək, ayrılıqlara asan tab gətirmək, mənəvi gücün bərpasında çeviklik - daha hansı cəhəti sayım ki, kişilərdən üstünlüyü bildirsin...

Feminist mövqeli, ya da kişilərə əks simpatiyalı deyiləm. Əksinə, düşünürəm ki, hər qadının ağıllı, intellektual, duyğulardan uzaq, məntiqli fikir sahibi olan kişi dostu, yoldaşı, sevdiyi olmalıdır. Amma anlamaq lazımdır ki, fiziki güc sahəsindən başqa, yerdə qalan bütün fəaliyyətlərdə qadın kişiyə layiqli rəqibdir. Biz bunu qız uşaqlarına hələ kiçik yaşlarından başa salsaq, altşüurlarına "kişiyə möhtacsan" düşüncəsini yeritməsək, elmə, ədəbiyyata bilirsinizmi nə zəkalar bəxş etmiş olardıq...

Bizim yaradıcı potensialımızı uşaqla, ailə ilə, ərlə, kişi fenomeni ilə sıxışdırmayın. Əl-qolumuzu  hiyləgər üsullarla bağladıqca və bu zəncirvari olaraq orta əsrlərdən bəri davam etdikcə, dünya da, siz də uduzursunuz.

Axmaq, möhtac qadın sərf edir. Kişilər onlarla rahat keçinir, çünki sözünün qarşısına söz gətirmir, buyruq qulu olurlar.

Qadın intuisiyası kişidə yoxdur, olacaq hadisələr onun ürəyinə damır. İntellektinə güvənir, intuisiyanı cəfəngiyyat adlandırır. Kişi yalnız ibtidai icma dövründə qadının üstünlüyünü, bərabərliyini həzm edə bilirdi. Orda əsrlərdən başlayaraq, intuisiyası güclü qadınların yandırılması ilə qadın zəkasına hücum başladı. Kilsə, dövlət, evdə ər qadını zor gücü ilə öz istədikləri çərçivəyə sıxışdıra bildilər. Qorxu metodu ilə qadın evə, mətbəxə, uşaq beşiyinə pərçim edildi. Cadugər, əcinnə dedikləri ağıllı, yaxşını-pisdən ayıran, intellekt sahibi, kişilərin iç üzünü açan, kilsənin xurafat yuvası olduğunu deyən, dövlətin hüquqları pozan despotizmi təbliğ maşını olduğunu hamiya göstərməyə çalışan qadın idi. Bunun sübutu kimi orta əsrlər filosof qadınlar haqqında araşdırma etmişəm, faktlar məni də təəccübləndirib. Marie Gournay, Krotonlu Theano, Hypatia, Bingenli Hildegard, Marguerite Porete və başqaları fəlsəfi fikirlərin, kitabların, elmli araşdırmaların müəllifləri idilər.

Theano ən məhşur pifaqorçu qadın idi. Ruhun yenidən doğulacağı düşüncəsini e.ə.550-ci ildə söyləmişdi. Aspasia Hetaira məktəbini idarə edir, Sokrata dərs deyirdi. Hypatia İsgəndəriyyədə yaşayır, yeni Platonçuluğun təbliği ilə məhşur idi, filosof, astronom, riyaziyyat sahəsində çalışırdı. Xristianlıq təzə yaranırdı və xristian olmayanlara təzyiqlər vardı. Fəlsəfəni pozucu sistem adlandırırdılar. Belə bir mühitdə Hypatia cəsarətli fikirləri ilə seçilirdi. Theon Platonun tərəfini tutur, əsl həqiqətin görünənlə deyil, onun arxasında olanla əlaqəsini izah edirdi. Paqanist mövqeyinə görə daş-qalaqla öldürüldü.

Sxolastik fəlsəfənin rolunun artdığı dövrdə, xristianlığın rasionallığa əsaslandığı zaman kəsiyində qadınlara fəlsəfə qadağan edilir. Bingenli Hildegard ilk monastr yaradıcısı idi. Üç kitabı bizə gəlib çatıb. Onlarda insan və kosmos haqqında oxşarlıqdan yazırdı.

Orta əsrlər üçün ən cəsarətli fikirləri isə Fransada yaşamış Marguerite Porete demişdi. Ruhun tam azad olmasını, kilsəylə bağların qırılmasını, insanla Tanrı arasındakı əlaqənin insanın içində olmasını təbliğ etdiyi üçün tonqalda yandırıldı.

Yoxsulluq, xəstəlik, ölümlə barışan Şərq qadını həmişə şeirlərin, qəzəllərin bəzəyi kimi vəsf edilməklə, saxta qadını yüksəltmək missiyasını uğurla həyata keçirib, özümüzü kişilərin ilham pərisi, vazkeçilməzi hesab etmişik. Əslində isə Şərqdə qadın menustrasya olduğu müddətdə iylənmiş əşya kimi tək otağa qapadılıb. Üzdən xoşbəxt, içdən bəxtsiz Şərq qadını bu gün də, despot ataların, dövlət başçılarının, qardaşlarının, ərlərinin qulu, köləsi sayılır. Alın yazısı, qismət, dini ideyalarla qadın cilovlanıb. Onu o biri dünyada xoşbəxt olacağına inandırıblar. Buna görə də dözməlisən, deyiblər.

Marks yoxsulluğun alın yazısı olmadığını isbat etdi. Beləliklə, Qərb qadınına böyük  bəxşiş -  maddi asılılığın öz əlində olacağını başa saldı. Ərin, atan, qardaşın olmasa da, acından ölməzsən, işlə, qazan, yaşa. Kasıbsansa, burda dinlik, allahlıq iş yoxdur.

Z.Freyd isə qadın və kişinin bərabərliyi teoriyasını sübutlarla əsaslandırdı. Cinslərin eyni hüquqlu olduğunu dedi. Qadın və kişini fərqləndirən fəlsəfi, dini nəzəriyyələri cəfəngiyyat adlandırdı.

Daha sonra Masters və Cons qadından istifadə olunduğunu, seksdə yasağı ifşa etdilər. Qərb qadınları bu üç nəzəriyyə ilə müəyyən mənada azadlığa çıxdılar.

Bu gün saçları kəsilən, yandırılan, zorlanan, qul kimi işlədilən, satılan, cinsi istismara məruz qalan, ittiham edilən qadınların probleminin kökündə valideynlər durur. Kiçik yaşlarından zəif təbliğ etmək, ya da heç etməmək acı nəticələrə gətirir. Qadın düşüncələrini lazımi qaydada ifadə edə bilmir. Daimi kişi şeirlərinin, təriflərinin, əzizləmələrinin orta nöqtəsi olduğunu fərq etmir. Nöqtə olmaqla kiçilir, çılızlaşır. Əsas missiyasından uzaq düşür. Ərinin də, uşaqlarının da, atanın, qardaşının da əyləncəli, kefli, sərbəst həyatı var. Bəs sənin həyatın hanı, hardadır?!

Əlində olanı özün yarat. Öz şeirini, öz elmi kəşfini, öz gözəlliyini, öz rəsmini, öz hekayəni  ÖZÜN yarat, qadın!..