Foto 18:55 07.05.2019

Dünyanın ən kiçik ordusunda əsgər böhranı (FOTOLAR)

Dünyanın ən kiçik ordusu "İsveçrəli Keşikçilər" əsgər böhranı ilə üz-üzədir.

Qaynarinfo xəbər verir ki, 110 nəfərlik ordunun vəzifəsi Katolik Kilsəsinin lideri Papanı mühafizə etməkdir. "Papanın qoruyucu mələkləri" kimi tanınan keşikçilər 513 illik tarixə sahibdir. Ötən gün 23 "İsveçrəli Keşikçi"nin andiçmə mərasimi təşkil edilib. Həmin tədbir 1527-ci ildə Romanın yağmalanması zamanı Papa VII Klementini mühafizə edərkən həlak olan 147 keşikçinin xatirəsinə hər il 6 mayda təşkil edilir. Ən kiçik orduya İsveçrə vətəndaşı, bu ölkədə əsgərlik etmiş, 19-30 yaşlı, boyu ən az 1.74 sm, etibar sahibi, dini ibadətlərini vaxtında icra edən katolik kişilər qəbul edilir. Həmin şəxslər orduda minimum 26 ay qalmalıdır. İstəyənlər Papaya daha uzun müddət xidmət edə bilər. Ordu üzvlərinə 5 il xidmətdən sonra, əgər yaşı 25-dən az deyilsə, evlənməyə icazə verilir. 110 keşikçi Papa Fransislə səyahət edir və onun təhlükəsizliyini təmin edir. 

Ordu polkovniki Kristofer Qraf son illərdə böhran vəziyyətinin yaranmasından danışıb. Onun sözlərinə görə "İsveçrəli Keşikçilər"ə əsgər tapmaq ilbəil çətinləşir. İsveçrə iqtisadiyyatının inkişafı, işsizlik sayının az olması səbəblərdən biridir. Yüksək maaşa sahib isveçrəli kişilər 1500 avroya xidmət göstərməyə razı olmur, böyük əksəriyyət 26 ay sonra ordunu tərk edir. Katolik kilsəsində son illərdə pedofiliya, cinsi zorakılıq, korrupsiya hallarının üzə çıxması inancdan uzaqlaşanların sayının artması, kilsəyə etibarsızlıqla nəticələnib. Digər səbəb isə İsveçrədə doğuşların sayının azalmasıdır. Bu il orduya 23 nəfər, 2018-ci ildə 32, 2017-ci ildə isə 40 nəfər qəbul edilib. 

"İsveçrəli Keşikçilər" arasına qadınlar qəbul edilmir. Ordu sıralarını genişləndirmək istəyən kilsə İsveçrədə hərbi məktəblərdə seminarlar təşkil edir, sosial mediada, həmçinin karikaturalı kitablar vasitəsilə təbliğat aparmağa çalışır.

Gülşən