Ölkə 12:17 08.04.2020

Dövlət Komitəsindən hamilə qalan məktəbli ilə bağlı açıqlama: “Təhlükəli idi...”

"Hamilə qalan məktəbli ailəsi tərəfindən də mütəmadi olaraq təzyiqlərə məruz qalıb". 
 
Qaynarinfo xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildiriblər. Hadisə ilə bağlı araşdırma aparan mütəxəssislər azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu deyib:  

"Aprelin 6-da kütləvi informasiya vasitələrində yayılan məlumatda Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdinin (təvəllüd: 2003-cü il) kəndin rus dili müəllimindən (təvəllüd: 1961-ci il) 5 aylıq hamilə olduğu və kənd icra nümayəndəsi Şəfiq Əliyevin də bu məlumatı təsdiqlədiyi bildirilirdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Lerik rayon İcra Hakimiyəti başçısının müavini Arzu Vəliməmmədova ilə əlaqə saxlayaraq hadisə ilə bağlı ətraflı məlumat alıb. A.Vəliməmmədova hadisənin rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını, yeniyetmənin psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün aprelin 6-da kənd icra nümayəndəsi və psixoloqla birgə ailəyə səfər etdiklərini bildirib. Məlumatda məktəbli və anasının Rayon polis şöbəsində yerli icra nümayəndələrinin iştirakı ilə dindirildiyi qeyd olunub. Dindirilmə zamanı məlum olub ki, məktəbli ailəsi tərəfindən də mütəmadi olaraq təzyiqlərə məruz qalıb. Eyni zamanda, ailə fərdlərinin psixoloji durumunun normal olmadığı diqqətə çatdırılıb. Mütəxəssislər azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq, onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab ediblər”.

Komitədən bildirilib ki, hazırda məktəblinin "Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır: 

"Son olaraq bildirmək istəyirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi azyaşlılara qarşı cinsi zorakılıq və qısnama hallarını kəskin şəkildə pisləyir, dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə aparılan çətin bir zamanda valideynləri övladlarına qarşı diqqətli və həssas davranmağa çağırır". 
 
Xatırladaq ki, Lerik rayonun Kirəvud kənd sakini, 2003-cü il təvəlüdlü, 11-ci sinif şagirdinin 59 yaşlı rus dili müəllimdən hamilə qalması haqda xəbəri ilk dəfə Qaynarinfo.az gündəmə gətirib.

Bahar Rüstəmli