Sənət 13:33 05.04.2019

Dövlət Musa Yaquba niyə sahib çıxmır? (REPLİKA)

Tanınmış şair, sabiq millət vəkili Musa Yaqubun uzun müddətdir ki, səhhətində problemlər var. Amma maddi imkanları normal şəkildə mülalicə olunması üçün yetərli deyil.

"Səsim çıxmır, ayağım qalxmır ki, yeriyəm" deyən şair heç kimin qapısını döyüb, yardım istəmir, "məni müalicə etdirin" demir. Heç bu ölkənin yazıçısına, şairinə sahib çıxmalı olan Azərbaycan Yazıçılar Birliyi (AYB) də onunla maraqlanmır. Bu günlərdə lent.az-a müsahibə verən Musa Yaqub xəstə yatağında nə Yazıçılar Birliyindən, nə də onun sədri, xalq yazıçısı Anardan dəstək görmədiyini deyir: "Mən özüm də müraciət etdim, amma etmədilər. Dedim, məni Türkiyəyə göndərin, göndərmədilər. Dedilər, gərək icra başçısı desin, sonra kömək edək. Qorxdular. Anar bütün tədbirlərimdə iştirak edib, bircə bu işdə yox, qorxub. Dövlət də kömək etmədi. Bütün xərclərimi özüm çəkmişəm. Mənə prezident təqaüdü də verməyiblər".

Mətləbə keçmədən AYB sədrinin şairə cavabına da diqqət yetirək: "Mənim müsahibədən xəbərim var. Ancaq Musa Yaqub müalicəsi ilə bağlı mənə müraciət etməyib. Başqa deyəcək sözüm yoxdur".

Şou-biznes nümayəndələrinə efirlərdə yüzminlərlə pul yığıb ev, maşın alınan, toy edilən ölkədə şairin, yazıçının, sənətkarın müalicəsi üçün irəli duran, öncüllük edən bir nəfər yoxdur. Hamı gözləməlidi ki, həmin adam dilə gəlib müracitə etsin, yalvarsın ki, "məni müalicə etdirin"? 

"Gərək icra başçısı desin..." Niyə bir şairin, yazıçının, sənətkarın taleyi bir icra başçısının insafına, verəcəyi qərara bağlı olmalıdı. Niyə, Musa Yaqub, Vaqif Bayatılı müalicə olunmaq üçün AYB sədrinə yalvarmalıdı? Dövlət niyə öz sənətkarına sahib çıxmamalıdı? Bu insanlar bu millətin, bu ölkənin dəyərlərdir axı. Onlara sahib çıxmaq, 3 gün artıq belə yaşaması üçün ilk növbədə dövlət "əlini daşın altına qoymalıdı". İcra başçısının, AYB sədrinin insafına tərk edilmiş bu adamların taleyi ilk növbədə dövləti narahat etməlidi. 

Bu günə qədər xalq şairi adı verilməyən, prezident təqaüdünə belə layiq görülməyən Musa Yaqubun bunların heç birinə ehtiyacı yoxdu. Ehtiyacı olan bir az diqqət, müalicə və canının sağlığıdı...

Qaynarinfo.Az