Prezident İlham Əliyev fevralın 12-də "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə və İqtisadiyyat nazirlikləri hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görəcəklər.
Kənd Təsərrüfatı Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Şərhlər