Ölkə 09:18 25.01.2022

Dövlət qulluğuna imtahanın məbləği: deputat “çox deyil” deyir, ekspert isə...

"Hesab etmirəm ki, 120 manat həddindən artıq böyük bir məbləğdir. Bu, hər halda ümumi götürdükdə böyük məbləğ deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov dövlət qulluğuna imtahanda iştirak haqqının 120 manat olması ilə bağlı narazılığa aydınlıq gətirərkən deyib. Deputat dövlət qulluğuna qəbulla bağlı çox şəffaf bir prosesin yaradıldığını bildirib:
 


"Bu gün imtahanlar vasitəsi ilə dövlət qulluğuna qəbul həyata keçirilir. Amma müəyyən ailələr var ki, həmin məbləğ onlar üçün az deyil, hesab edirəm ki, bu barədə düşünmək olar”.

Ceyhun Məmmədov hesab edir ki, ümumi proses təhlil olunduqdan sonra məbləğin nisbətən aşağı endirilməsi məsələsi daha məqsədəuyğun olardı və bu prosesin daha əlçatanlığına öz töhfəsini verə bilərdi.

Təhsil eksperti Kamran Əsədov isə dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirildiyini vurğulayıb:
 


"Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

AA vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 110 manat, AB vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 100 manat, AC vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 90 manat, BA vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 80 manat, BB vəzifə qrupu üzrə test imtahanı bir iştirakçı üçün 80 manatdır.

DİM-in elan etdiyi qiymətlər çox bahadır. DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlarda yüz minlərlə insan iştirak edir və qurum kifayət qədər gəlir əldə edir. Nəzərə alsaq ki, DİM avadanlıqları TQDK-dan qalıb, test bank bazası TQDK-nın dövründən mövcuddur, deməli, 110 manatlıq xərc yoxdur. Bundan başqa, qəbul imtahanından fərqli olaraq, dövlət qulluğu imtahanında mühafizə və digər xidmətlərdən istifadə edilmir. İmtahan mərkəzlərinin müəyyənləşdirilməsindən tutmuş imtahan rəhbərləri və zal nəzarətçilərinin imtahanlara hazırlığı, test bankının zənginləşdirilməsi, proqram təminatının hazırlanmasınadək və digər istiqamətlərdə geniş hazırlıq işlərinin xərci 110 manat deyil. Hazırkı dövlət qulluğu imtahanının büdcəsi bütün abituriyentlər üçün əlçatan deyil. Bu da çox sayda aztəminatlı ailələrdən olan şəxsləri dövlət qulluğunda işləmək imkanından məhrum edəcək. Hazırda Azərbaycanda yaşayış minimumunu, əhalinin ortaq əmək haqqının aşağı olmasını nəzərə alsaq, imtahanların bu qədər baha olması düzgün deyil. Nəzərə alaq ki, imtahan verən şəxslər hələ imtahanlara qədər hazırlıq mərkəzlərində hazırlaşır və ona da pul ayırmalı olurlar. Daha bir məsələ ondadır ki, insanlar birinci turda pul ödədikdən sonra ikinci mərhələyə keçib-keçməyəcəklərini bilmirlər. Eyni zamanda, qanunvericilikdə deyilir ki, hər bir vətəndaşın dövlət qulluğuna iddia etmək hüququ var. Amma bu tariflər bəzi vətəndaşların yolunu bağlamaq deməkdir. 2005-ci ildən etibarən Azərbaycanda dövlət qulluğuna iddialı şəxslər müəyyən baryerlər aşmaqla müvafiq vəzifələrdə çalışa bilərlər. Lakin illər üzrə həyata keçirilmiş imtahanların nəticələri göstərir ki, dövlət qulluğuna qəbul üçün qanunvericiliyin tələblərindən irəli gələn ikimərhələli baryer sistemi iddialı şəxslərin dövlət orqanlarına işə qəbulunda müəyyən problemlər yaradır”.

Bahar Rüstəmli