Ölkə 17:29 14.01.2022

Dövlətə uşaq əmanət etməyin nəticəsi bu olmamalıdır

Son dövrlər ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində baş verən zorakılıq halları ciddi narahatlıq doğurur. Təkcə zorakılığın özü deyil, ona müəyyən ekspertlər və sosial kəsim tərəfindən ictimai şəkildə haqq qazandırılması, məsələnin ört-basdır edilməyə çalışması və şiddətin qanuni cəzayla nəticələnməməsi də hadisənin özü qədər ağır və təhlükəlidir. 

Son olaraq İsmayıllı rayonunda 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisənin baş verməsi onu göstərdi ki, uşaqlara qarşı belə zorakı yanaşma adi hal alıb. Çünki bundan əvvəl aşkarlanan bu kimi nöqsanlarla bağlı müvafiq tədbir görülməyib. Cəzasızlıq sistemi uşaqlara qarşı psixoloji və fiziki şiddətin tətbiqinə, yayğınlaşmasına zəmin və şərait yaradır. Bu ölkədə valideyn uşağını bağçaya göndərməkdən niyə qorxmalıdır axı? Xüsusilə körpələrin özü niyə bu qprxuyala yaşamalı və böyüməlidir? Dövlət bağçasına uşaq göndərmək, onu dövlətə əmanət etmək deməkdir. Biz hüquqi, qanunla idarə edilən dövlətdə yaşayırıq. Bəs bu kimi hadisələrə verilən hüquqi qiyməti niyə görə bilmirik? 

Bu günün sinfi, şagirdləri, uşaqları gələcəyin cəmiyyətidir. Məktəbə təhsil almaq, şəxsiyyət kimi yetişdirilmək üçün göndərilən uşağın niyə elə bu yaşdaca hüquqları pozulmalı, psixologiyası zədələnməli və bu kimi olaylar nəticəsiz qalmalıdır? 

Belə hadisə baş verən zaman, uşağın valideyni şikayətçi olmasa belə, dövlət qanunvericilik əsasında, uşaqların konstitusiya hüquqları ilə onu qorumalı, sahib çıxmalıdır. Hətta bu kimi halların aradan qaldırılması üçün qanunvericiliyin özündəki boşluqları aradan qaldırmağa da ehtiyac var. Qanun təkcə uşağa hər hansı zədə yetirildiyi halda dövrəyə girməməlidir, zorakılığın bütün formaları hüquqi cəzasını tapmalıdır. Müəllimin, eləcə də valideynin və digər şəxslərin uşaqlarla bu cür davranışları onların həyatlarının sonrakı mərhələlərində özünü mənfi şəkildə göstərir. Oan görə də bu məsələ son dərəcə həssas və məsuliyyətli yanaşma tələb edir. 

Birincisi, bağça və məktəblərdə tərbiyəçi, müəllim və pedaqoqların seçim mərhələsinə diqqətlə yanaşılmalı, ciddi nəzarət olunmalıdır. Təhsil müəssisələrində psixoloji işin təşkili önəmli məsələdir. Kiminsə iş verdiyi qohumu, dostu, tanışı gəlib uşaqları təhqir edə, döyə bilməz. İşəgötürülən şəxslərin psixoloji durumu yoxlanılmalı, uşaqlarla davranış qaydaları bir daha izah edilməlidir. Düşünürəm ki, uşaq üçün savadlı müəllimdən, onun nəzəri biliklərindən əvvəl psixoloji hazırlıq səviyyəsi bizim üçün vacib olmalıdır. Hər pedaqoq uşaqla normal davranmaq, sağlam münasibətlər qurmaq qabiliyyətinə malik olmur. 

İkincisi, müəllim uşağa qarşı zorakılıq tətbiq etdikdə, ictimaiyyətin sakitləşdirilməsi, bağça və ya məktəb rəhbərliyinin özünü sığortalaması naminə ona töhmət verilməsi ilə kifayətlənmək olmaz. Müəllimin əmək fəaliyyətinə xitam verilməli, ədalətli şəkildə tədqiqat aparılmalı, hadisəyə hüquqi qiymət veriməlidir. Bu kimi hadisələr təkcə uşaq, insan hüquqlarının pozulması deyil, həm də sosial və əxlaq dəyərlərinin məhvidir. 

İsmayıllı rayonunda 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisəylə bağlı  tərbiyəçi-müəllimin əmək fəaliyyətinə xitam verilsə də, bununla iş bitmir. Azərbaycan Yüksəliş Partiyası olaraq, uşaqlarımızın fiziki və psixoloji sağlamlığının qorunması, gələcəkdə belə halların təkrarlanması üçün məsələnin dərindən araşdırılmasını və hüquqi tədbir görülməsini tələb edirik. 

Sevinc Fədai
AY Partiya Başqanının Sosial, qadın və uşaq məsələləri üzrə müavini