Qəbələ rayonunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo AzərTAc-a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Vəndam qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"Mercedes” və "VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Qəbələ şəhər sakini, 1956-cı il təvəllüdlü Əhmədov Şakir Şaban oğlu, eləcə də Qəbələdəki "Shenot Palace Health Wellnes Hotel” Sanatoraiya Kompleksində tibb işçisi kimi çalışan Monteneqro vətəndaşı, 1990-cı il təvəllüdlü Amanda Besiloviç, Yunanıstan vətəndaşı, 1967-ci il təvəllüdlü Venizelos Dimitrios və adları hələlik məlum olmayan daha iki xarici ölkə vətəndaşı ağır bədən xəsarətləri alıb. Yaralılar təcili yardım stansiyasının avtomobili ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq sürücü Şakir Əhmədov xəstəxanada dünyasını dəyişib, əcnəbi yaralılar isə müalicə üçün Bakıdakı Mərkəzi Gömrük Hospitalına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Şərhlər