Sənət 18:44 01.08.2016

Ədəbiyyatımızın "Yay axşamı"

Uca və qocaman Əlisa Nicatın 80 (nəhəngsən!) yaşamış olduğu və 90-a, “bir gün varsan, bir gün yoxsan”a doğru getdiyi(miz) bu günlərdə yalnız oxucularını yox, bütöv toplumu haraylamaq keçdi könlümdən: “Çıxın çölə, ey insanlar, lalələr yandı!”

Onun çıraq-çıraq lalələri, - müəllifin poetik-fəlsəfi obrazı kimi, - ilk “Yay axşamı” kitabından indiyədək otuzluq, əllilik,.. yetmişlik lampalar tək yandı və bir işıqlı gün də yüzlük lampa olub, tonqal- tonqal yanacaq.

Həyatda təsadüf deyilən şey varmı görən?

Elə adındaca iki böyük mədəniyyəti birləşdirən Əliİsa çoxşaxəli maarifçi bir yaradıcılığa Nicat verdi. 

Tütçevin - “Payız axşamı”, Pasternakın - “Qış gecəsi”, Müşfiqin “Yenə o bağ olaydı” rəmzli Yay günü...

Ağaclıqda oxuyan sisəngləri, cırcıramaları, sarı zanbaqlar açmış qamışlı gölmələrdə “xor kapellası” ilə heç bir musiqinin verə bilmədiyi zövqü verərək, ləbaləb doldurduğu insan xəyalının dibsiz qədəhində xatirələr buzunu əridib də... kol-kos qaranlığından göyümsov- göyümsov işıldayan işıldaquşları ilə.., haşa, başqa heç bir nəsnənin duyurmadığı duyğular yaşadan bir Yay axşamı... 

...Azərbaycan maarifçiliyinin əsl davamçısı Əlisa Nicat “Zəkioğlu” nəşriyyatı ilə birgə 100 cildlik “Fikir antologiyası” seriyasının da təməl daşını qoyan ilklərdəndir. 

Ölçüsüz, amma biçili cəsarət misalı olan yaradıcılığı–“səksən min xəzinə pula” verilməyəcək bir dəyərdə. Fəaliyyəti - qarışqa çalışqanlığı, fil dözümlülüyü ilə assossiativ.

Zaman-zaman ustadlaşan Əlisa Nicatın öz yazdığından üstün bir şey deyə bilmərik deyə, sözü elə özü ilə tamamlayaq: 

Sönən bir ömür kimi
Günəş endi dağlara.
Qızıldan toz ələndi
Bağçalara, bağlara...
Və... Əlisa Nicatın belə Yay axşamları hələ çox yandıracaq “közərən ilhamları...” 

Qardaşxan Əzizxanlı