Ölkə 11:27 01.09.2018

Əhalinin suya olan borcu artıb

Ötən maliyyə ilində "Azərsu” ASC-nin cəmi satışdan gəlirləri 165 milyon 745 min manat təşkil edib. Bu da 2016-cı illə müqayisədə 5 milyon 908 min manat – 3,7% çoxdur. 

Oxu.Az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, "Azərsu” su satışından 110 milyon 621 min manat, kanalizasiya xidmətlərindən 51 milyon 449 min manat gəlir əldə edib.

Su satışından gəlirlər azalıb 

Müqayisələr göstərir ki, 2016-cı illə müqayisədə 2017-ci ildə "Azərsu”nun su satışından gəlirləri 4 milyon 924 min manat, kanalizasiya xidmətlərindən gəliri isə 10 milyon 316 min manat azalıb. 

"Azərsu”ya 80 milyon manata yaxın debitor borc var 

Maliyyə hesabatından aydın olur ki, 2017-ci ildə suyun satışından debitor borclar 73 milyon 258 min manat təşkil edib. Bu da 2016-cı illə müqayisədə 1 milyon 779 min manat azdır. 

O ki qaldı debitor borcun əhali və qeyri-əhali kateqoriyası üzrə bölgüsünə, 2017-ci il tarixində ticarət debitor borclarının 37 milyon 210 min manatı qeyri-əhali, 36 milyon 48 min manatı əhali qrupu üzrə olub. 

2016-cı ilin sonunda qeyri-əhali qrupunun "Azərsu”ya debitor borcu 52 milyon 956 min manat, əhalinin borcu isə 22 milyon 81 min manat təşkil edib. 

Göründüyü kimi, ötən il qeyri-əhalinin ASC-yə borcu 15 milyon 746 min manat (30%) azalıb, əhalinin borcu isə 13 milyon 967 min manat (63%) artıb. 

Su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən iki dəfəyə yaxın yuxarıdır 

Hesabatda "Azərsu” su və kanalizasiya tariflərinin aşağı olmasından şikayətlənir. Bildirilir ki, su və kanalizasiya xidmətləri üzrə tariflər tam maya dəyərindən aşağı olduğundan ASC-nin əməliyyat pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlığa səbəb olub.

"Maliyyə Nazirliyi tərəfindən aparılımış 2017-ci il üçün gəlirlər və xərclər smetasının illik icrası üzrə monitorinqin nəticələrinə əsasən, Qrup üçün 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.17 AZN təşkil edir. Qrupun 2017-ci il üzrə müvafiq qanunvericiliyə uyğun hazırlanmış hesabatlarında 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN, orta satış qiyməti isə 0.74 AZN olub. 

Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən iki dəfəyə yaxın çox olub. 

Rəhbərlik gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib-hazırlayıb. Bu da ASC-nin abunəçilərinin sayını artırmaq, debitor borclarını toplamaq, satış üzrə zərərlərini azaltmağa imkan yaradacaq.

Bundan əlavə, 13 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Tarif Şurası su və kanalizasiya xidmətləri üzrə müştərilərə tətbiq edilən satış tariflərinin artımını təsdiq edib. Bu yeni tariflər 16 may 2016-cı il tarixindən qüvvəyə minib. Nəticədə, hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra ASC-nin maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib-çıxaracaq. 

Bununla belə, "Azərsu” fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün dövlət tərəfindən təqdim olunan maliyyələşmələrdən asılı vəziyyətdə qalmaqdadır”, - deyə maliyyə hesabatında qeyd olunub.