Ekonomiks 14:17 14.09.2020

“Əhalinin yandırdığı qazın çoxu Azərbaycandakı xarici şirkətlərdən pulla alınır”

Bizim hasil etdiyimiz qaz özümüzün ehtiyaclarını heç də hər zaman ödəməyib. Müstəqillik illərindən sonra 2000-ci ilin oktyabrından Azərbaycan Rusiyadan qaz idxalına başlayıb. Bu isə 2007-ci ildə "Şahdəniz” yatağından qaz çıxana qədər davam edib. Ölkə buna qədər ildə 4-4,5 mlrd. kubmetr qaz idxal edirdi. Hətta 2010-cu ildən sonra Azərbaycan bir neçə dəfə qaz idxalçısı olub və bu rəqəmin 2 mlrd. kubmetrdən artıq olduğu vaxtlar da olub.

"Qafqazinfo” xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban "Real TV”də yayımlanan "Bizim barel” verilişində deyib. O bildirib ki, Azərbaycan qaz ölkəsi olaraq neft kimi qocaman deyil, hələ ki, gənclik illərini yaşayır və qaz hasilatı artımına doğru gedir: "Əmtəəlik qaz hasilatı həcmlərini 2010-cu il ilə müqayisə etsək, görərik ki, 10 ildə 10 mlrd. kubmetrdən çox artıma nail olunub. Vətəndaşların bir çoxu hələ də bilmir ki, evlərində yandırdıqları qazın yarıdan çoxu xarici şirkətdən alınan qazdır”.

Ekspert bildirib ki, ölkəmizdə hasil edən qazın 82%-i hazırda "BP-Azerbaijan” şirkətinin payına düşür: "Azərbaycanda istehlak edilən qazın 45%-i SOCAR-ın balansında olan qaz, 55%-i  isə xarici şirkətlərdən yerli bazar üçün alınan qazdır. Yəni "Şahdəniz”dən hasil edilən qazın "mərhələ 1” layihəsi çərçivəsində təqribən üçdə biri Azərbaycanın daxili bazarına yönəldilir. Bu isə konsorsiumdan valyuta ilə alınan qazdır. Bundan əlavə, digər əməliyyat şirkətlərindən də qaz alınır. Buraya həmçinin "Azəri-Çıraq-Günəşli” çərçivəsində Azərbaycan tərəfindən verilən qaz da daxildir. Düzdür, həmin qaz çatdırılma məntəqəsində pulsuzdur. Əsas həcmlər Neft daşlarında Azərbaycan tərəfinə verilir, digər hissəsi isə Səngəçal terminalında verilir. Alçaq təzyiqli qazın kompressor stansiyasında sıxılması, ilkin emalı, nəqli  və paylanması xərcləri isə SOCAR-ın üzərinə düşür”.

"2019-cu ildə istehlak edilən qazın böyük hissəsi – 45,1%-i energetiklərin payına düşür ki, 2020-ci ildə bu rəqəm 39,9%-ə düşüb. Əhali tərəfindən istehlak edilən qaz ötən il 28,3% xüsusi çəkiyə malik olmuşdusa, bu ilin ilk yarısında artaraq 33,5%-ə çatıb. Sənaye üzrə ötən il 23% olan qaz istehlakı, cari ilin 6 ayında artaraq 33,5%-ə çatıb. Kommersiya və dövlət qurumları isə qaz sərfiyyatında xüsusi çəkilərini 3,6%-dən, 4,3%-ə qədər artırıblar”, - deyə təhlilçi qeyd edib.

Həmçinin qazın maya dəyərinin artması məsələsinə toxunan İ. Şaban SOCAR üzrə qazın 1000 kubmetri üzrə maya dəyərinin son 5 ildə 39,74 manatdan 61,89 manata qədər artdığını bildirib: "Artım isə 55,7% təşkil edib. Artıma təsir edən səbəb isə təchizat qiymətlərinin artımı, əməkhaqlarının mütəmadi artımı və balansda olan yataqların yaşlaşmasıdır ki, bu da amortizasiya xərclərini ildən-ilə artırır. "Ümid” kimi belə yataq da xərclərin artımı deməkdir. Orada 7 il 4 ay müddətində 3 mlrd. kubmetr qaz hasil edilib. Lakin hasil edilən qaz daxili bazara yönəldiyindən kapital xərclərini belə ödəməyə yetməyib. Buna görə də, Dövlət Neft Şirkəti əməliyyat şirkətlərindən alınan qazın xərclərini nəzərə almaqla SOCAR qazının 1000 kubmetrinin xərclərini 2016-cı ildə ictimaiyyət üçün açıqlamağa başlayıb. Bu xərclərə alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər daxildir. SOCAR qazının yekun qiymətinin maya dəyərinin ən bahalı vaxtı 2017-ci il olub. 1000 kubmetr qazın paylanması SOCAR-a 163,7 manata başa gəlib. Ötən il bu göstərici azalaraq 140,48 manata düşüb. Dövlət Neft Şirkəti 3 ildə qazın maya dəyərini 23,22 manat və ya 14,2% azaltmağa nail olub. Bu isə əsasən itkilərin azaldılması və bahalı kateqoriyalı qaz həcmlərinin xüsusi çəkisinin azaldılması nəticəsində əldə edilib”.

Perspektivdə Azərbaycan qaz bazarında vəziyyət hansı istiqamətdə dəyişə bilər?

Ekspertin sözlərinə görə, SOCAR-ın özünün balansında olan yataqlardan daxili bazara qaz verilməsi artsa da, bu, yalnız qocalan yataqlardan azalacaq həcmləri kompensasiya etməyə yetərli olacaq. Azərbaycanın daxili bazarına isə "Abşeron”, "Qarabağ” yataqlarından, "Ümid” və "Babək” yataqlarının qaz həcmlərinin daxil olması gözlənilir. Bunların hamısı valyuta ilə alınacaq qaz olacaq. Düzdür, Azərbaycanın aldığı qaz dünya bazar qiymətlərində olmasa da, lakin regional bazar qiymətlərinə yaxın dəyərdədir. Dövlət öz şirkəti ilə alınan qazın satış qiymətləri arasında fərqi ödəyir. Bu, dövlət tərəfindən böyük dəstəkdir və enerji daşıyıcılarının yerli istehlakçılar üçün əlçatan olması yönümündə dövlətin atdığı sosial siyasətin ana xəttidir. Ona görə də, biz istehlakçılar çalışmalıyıq ki, hər bir enerji növündən rasional istifadə edək və izafi məsrəflərə yol verməyək”.