Video 10:02 25.12.2018

Ehtiyatda olan azərbaycanlı zabit Rusiyada tutuldu (VİDEO)

Rusiyanın İrkutsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları dələduzluq təqsirləndirilən beynəlxalq axtarışda olan şəxsi yaxalayıb. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə idarəsi məlumat yayıb. 

Bildirilir ki, saxlanılan şəxs 38 yaşlı Azərbaycan vətəndaşıdır. O, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət edib və üç il əvvəl mayor rütbəsi ilə ordu sıralarını tərk edib. 

Bundan sonra, həmin şəxs pul müqabilində hərbçilərin təqaüdə çıxması üçün saxta əlillik arayışları verib. O, əldə etdiyi pulları götürərək, aradan çıxıb. 

Yaxalandıqdan sonra dindirilmə zamanı o, əməlini etiraf etməyib. Qeyd edilir ki, azərbaycanlı iki ilə yaxındır ki, İrkutskda yaşayır. 

Hazırda saxlanılan şəxsin Bakıya ekstradisiya edilməsi məsələsi həll edilir.