Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov manatla bağlı növbəti dəfə müsbət proqnoz verib. Baş bankir bu gün verdiyi açıqlamada üzən məzənnə rejminin özünü doğrultduğunu, neft qiymətlərinin bahalaşdığını, tədiyyə balansının yaxşılaşdığını bildirərək deyib ki, ilin sonununadək manat bahalaşa bilər.
"Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq. Bundan sonra da bu rejim fəaliyyət göstərəcək. Azərbaycanın effektli inkişafı, xüsusilə xarici şoklara davamlılığı üçün məhz üzən məzənnə rejimi ən effektli tədbirdir. Onun faktiki olaraq alternativi yoxdur. Bazarda yaranan sabitlikdən də görünür ki, üzən məzənnə rejimi özünü doğruldub. Müsbət tendensiyalar onu göstərir ki, manatın bahalaşmasının potensialı daha çoxdur” deyə baş bankir bildirib.
Bəs ekspertlər nə deyir, manat həqiqətən də ilin sonunadək bahalaşa bilərmi? Həqiqətən də Azərbaycanda tətbiq olunan "üzən məzənnə rejimi" özünü doğruldubmu?
Elman Rüstəmovun açıqlamalarını "Qaynarinfo"ya şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli nikbin proqnoz verməyin çətin olduğunu deyib. Onun fikrincə, baş bankirin açıqlamaları məzənnənin nəzarət altında olduğunu deməyə əsas verir:
"Elman Rüstəmovun dediklərindən belə başa düşə bilərik ki, məzənnə nəzarət altındadır. Üzən məzənnə rejimində olan valyuta haqqında belə nikbin proqnoz vermək çətindir. Bu növ məzənnəni tələb və təklif müəyyənləşdirir, buna görə də Elman Rüstəmov noyabr-dekabr ayı üçün bu proqnozu verə bilməz. Əgər manat həqiqətən üzən məzənnə rejimindədirsə, milli valyutanın bahalaşmasını gözləmək çətin məsələdir. Lakin tədiyyə balansında müsbət saldo yaranır və neft qiymətləri yüksəlir, buna görə manatın məzənnəsində müsbət dəyişiklik ola bilər. Tədiyyə balansında müsbət saldo ona görə yaranır ki, alıcılıq qabliyyəti zəifləyib və xaricdən gələn məhsulların miqdarı azalıb. Əslində, bu düşündürücü addım olmalıdır, hökümət iqtisadi aktivliyin artması istiqamətində addımlar fikirləşməlidir. Bəli, neftin qiyməti qalxıb, ilin əvvəlinə nisbətdə 20% yüksəkdir, lakin bu qiymət kifayət qədər oynaqdır. Noyabr-dekabr aylarında qiymətin aşağı düşməyəcəyinə heç kim zəmanət verə bilməz. Yəni, məsələ xarici faktorlardan asılıdırsa, Azərbaycandan baxaraq manatın sabit qalacağı və ya dəyər qazanacağını demək yanlışdır".
Gülşən Mehdiyeva
Qaynarinfo.Az
Şərhlər