Ekonomiks 13:18 17.02.2020

Ekspert: “Düşüncə tərzimiz dəyişəndə bu postlar da ləğv olunacaq”

"Uzun illərdir ki, Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaranır”.

Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Elməddin Muradlı Bakı-Sumqayıt yolunun genişlənməsi ilə əlaqədar "Ekologiya” postunun sökülməsi layihəsini şərh edərkən deyib. Onun sözlərinə görə, əgər "Şamaxinka” deyilən ərazidə tunel genişlənməsə "Xırdalan”dairəsində görülən işlərin heç bir effekti olmayacaq:

"Vəziyyət ortadadır. Hər gün bu yolda uzun bir tıxac yaranır. Çünki 5-6 zolaqla gələn  avtomobillər  "Xirdalan” dairəsində 2 zolaqda sıxılıb qalır. Prezident İlham Əliyev göstəriş verdi ki, o yolda hərəkətin intensivliyini artırmaq üçün işlər görülsün. Genişləndirmə planına "Ekologoya postu” da düşüb. Layihəyə əsasən postun sökülməsi də nəzərdə tutulub. Bu proses şəhər istiqamətində təxminən Sulutəpə yolu ilə Bakı-Sumqayıt yoluna birləşənə kimi davam edəcək. Avtovağzal istiqamətində olan təpəcik götürülməlidir. Hesab edirəm ki, bu barədə geniş düşünmək lazımdır. Çünki Avtovağzaldan çıxan avtomobillərin əsas yola çıxışında problem yarada bilər. Əsas məsələ Xırdalan yolunun dağıdılması və yolun genişləndirilməsidir. Bundan əlavə, "Şamaxınka” deyilən ərazidə hazırda mövcud tunel genişləndirilməlidir. Əgər "Şamaxinka”da işlər aparılmasa, yuxarı istiqamətdə genişlənən yolun faydası olmayacaq”.
Elməddin Muradlı bildirib ki, sökülməsi nəzərdə tutulan post Ekoloji Nəzarət Bölüyünün qərargahıdır:

"Onların hardasa oturmaq üçün yeri olmalıdır. Bu bölük avtomobillərdə normativlərin pozulmasına qarşı nəzarət funksiyasını həyata keçirir. Kimsə deyir ki, postu görəndə sürücülər narahat olur, sürət həddini aşağı salır. Niyə sürücü postu görəndə sürət həddini aşağı salır? Bəzi sürücülər postu görəndə özünü imam övladı kimi aparır. Sürəti 40-a salır. Belə olan halda bizə belə postlar çox lazım olacaq. Bizim düşüncə tərzimiz dəyişəndə bu postlar da ləvg olunacaq. Bu gün üçün isə həmin postların ləvg olunmasının tərəfdarı deyiləm. Post olmasa, sürücülər ölümə gedir”.

Qeyd edək ki, Bakı-Sumqayıt yolu üzərindəki Baş Dövlət Yol Polisi İdarəsinin ''Ekologiya postu'' söküləcək. Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolağının genişləndirilməsi ilə əlaqədar ərazidə olan "Ekologiya postu" plana düşüb. Bu işlər çərçivəsində post söküləcək. Amma həmin ərazidə yeni post tikiləcək.

Bahar Rüstəmli