Ekonomiks 13:19 25.02.2020

Ekspert: "Düzgün park etmə olduğu halda nəqliyyatın hərəkətini effektiv təmin etmək mümkündür"

Dünyanın iri şəhərlərində yol hərəkətinin təşkilində əsas problemlərdən biri tıxac məsələsidir. Bakı şəhərində də tez-tez tıxaclara rast gəlinir.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov avtosfer.az-a verdiyi açıqlamada tıxacı yaradan səbəblər arasında sürücü davranışlarının da mühüm yer tutduğunu bildirib:

"Tıxac, müəyyən bir zaman kəsimində buraxıcılıq qabiliyyəti olan yollarda nəqliyyat vasitələrinin sayının kəskin şəkildə artması zamanı olur. Sürücülərin davranış qaydalarının doğru olmaması, yol mədəniyyətinin aşağı səviyyədə olması, onların yol hərəkəti qaydalarına riayət etməməsi, bu qaydalara etinasız yanaşması yollarda tıxacın yaranmasına səbəb olan hallardandır. Sürücü tıxacda qaldıqda stress keçirir, əsəbi olur və qayda pozuntusuna yol verir, tıxacda qalmamaq üçün əks istiqamətdə olan yola çıxmaq istəyir ki, bunlar da tıxacı daha da dərinləşdirir.

Tıxacı yaradan hallardan biri də dayanma-durma qaydalarının pozulmasıdır. Tıxacla mübarizə aparmaq üçün onu yaradan səbəbləri aradan qaldırmalıyıq. Tıxacı yaradan səbəblər arasında plansız şəhərsalma məsələlərini, harda gəldi çoxmərtəbəli binaların tikintisini, həmin binalara yaxın olan yerlərin sahibkarlar tərəfindən zəbt olunmasını, məhəlləarası yollarda tikinti işlərinin aparılmasını da qeyd etməliyik. Bütün bunlar paklama məsələlərinə mane olur. Eyni zamanda, Bakıda gündən-günə avtomobillərin sayı artır ki, bu da tıxacların yaranma ehtimallarını artırır. Düzgün parketmə olduğu təqdirdə nəqliyyatın hərəkətini effektiv şəkildə təmin etmək mümkündür. Amma bu məsələ kompleks şəkildə həllini tapmalıdır. Digər tərəfdən, ictimai nəqliyyatdan istifadəni geniş şəkildə təşviq etmək lazımdır. Biz düşünürük ki, ictimai nəqliyyatla istədiyimiz ünvana gec çata bilərik, ona görə də avtomobildən istifadə edirik. Odur ki, yollarda ictimai nəqliyatın poitensialını artırmalıyıq. Avtobus xətlərinin sayı artmalı, intervallar azalmalıdır. Hazırda bu istiqamətdə müəyyən işlər görülür. Paytaxtda 2200 avtobus xidmət göstərir və əlavə olaraq 300 avtobusun da xəttlərə buraxılması məsələsi var. Bu, ictimai nəqliyyatın potensialını artıran məsələdir”.