Siyasət 19:00 30.11.2021

Ekspert: “İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması...”

Tezliklə İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı gözlənilir. Qeyd edək ki, bu ideya Heydər Əliyevə məxsusdur. Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə həmin məsələni gündəmə gətirib. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb. 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb. Onu da qeyd edək ki, İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün quruma üzv ölkələrə yardım etməkdir. 

Bu məsələ, habelə Zəngəzur dəhlizinin İƏT ölkələrinə verəcəyi üstünlükləri dəyərləndirmək üçün iqtisadçı ekspert Cümşüd Nuriyevə müraciət etdik.
 
O, öncə İƏT-in Tədqiqat Mərkəzinin nədən Bakıda yaradılmasının vacibliyinə aydınlıq gətirdi. 

- Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iqtisadiyyatından həm dərs deyən, həm də praktiki təcrübəsi olan kifayət qədər mütəxəssis var. Ən önəmlisi odur ki, Azərbaycan belə tədqiqatları aparmaq gücü ilə yanaşı, həm də onu çatdırmaq imkanına malikdir. İƏT ölkələrilə bu sahədə inkişafa nail olmaq üçün Azərbaycanda dil və linqvistika ilə bağlı imkanlar da daha genişdir. Başqa bir tərəfdən, Azərbaycanın malik olduğu maliyyə imkanları da sözügedən mərkəzin Bakıda yaranmasını vacib edir. Yəni Azərbaycanda qurumun maliyyələşdirilmsi məsələsində heç bir problem olmayacaq. İƏT-in Tədqiqat Mərkəzinin Bakıda olması həm ağıllı, həm uğurlu, həm də düzgün qərardır.

- Zəngəzur dəhlizi İƏT ölkələrinə hansı xeyir verə bilər? Yəni sözügedən dəhlizin quruma üzv dövlətlər üçün hansı faydaları ola bilər? 

- Zəngəzur dəhlizinin iqtisadi cəhətdən mənfəətini nəzərə alsaq, ondan yararlanmaqla İƏT ölkələri tək Avropa və Aralıq dənizinə deyil, eyni zamanda, Fars körfəzi, Hind okeanına da açılış əldə edəcəklər. Türkiyə və İran üzərindən olmaqla. İkincisi, Türkiyə və İran Azərbaycan üzərindən Orta Asiyanı keçib Çinə çıxmaqla Asiyaya açılış qazanacaqlar. Azərbaycan üzərindən olan daşınmalar daha ucuz və sərfəli olduğundan, həm dəhlizin keçdiyi ölkələr əlavə gəlir götürəcək, eyni zamanda, dəhlizdən mal keçirən ölkələr də iqtisadi cəhətdən mənfəətlə çıxacaqlar. Zəngəzur dəhlizi həmçinin 12 noyabrda yaranan Türkdilli Dövlətlər təşkilatının vahid iqtisadi məkana çevrilməsinə səbəb ola bilər. İstənilən ittifaqın birliyə çevrilməsi üçün ilk növbədə orada vahid iqtisadi məkan, ümumi bazar yaranmalıdır. Sonradan o vahid gömrük ərazisinə də çevrilə bilər. Yəni Zəngəzur dəhlizi İƏT ölkələri üçün tək gəlir gətirməyəcək, həmçinin ora üzv dövlətlər arasında ticarətin güclənməsinə, yükdaşımaların sürətlənməsinə  gətirib çıxaracaq. Zəngəzur dəhlizinin açılmasından sonra artıq Şimal-Cənub Dəhlizi daha yeni bir müstəvidə təqdim olunacaq. Zəngəzur dəhlizilə Azərbaycanın Naxçıvanla birbaşa əlaqələri yaranır. Bu isə gələcəkdə türkdilli dövlətlərin iqtisadi birliyə çevrilməsinə təkan verəcək”. 

Rüfət Sultan