Ekonomiks 17:17 06.03.2020

Ekspert: “İnsanlar övladlarını məktəbə avtobusla göndərməlidir”

Bir çox valideynlər övladlarını yaşadıqları ərazidən nisbətən kənarda yerləşən məktəbə şəxsi avtomobilləri ilə aparmağa üstünlük verirlər. Odur ki, Bakıda yerləşən təhsil müəssilərində tətil və qeyri-tədris günləri olan kimi paytaxtın yollarında da tıxaclara daha az rast gəlinir. Hər il tətil vaxtlarında, xüsusən pik saatlarda yollarda avtomobillərin sayının azaldığını müşahidə edirik.

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Allahverdi Şərifov "Report”a açıqlamasında bildirib ki, şagirdlərin məktəblərə xüsusi avtobuslar ilə daşınması yollarda tıxacı azalda bilər:

"Bizim insanların düşüncəsi bir qədər dəyişməlidir ki, hamı uşağını məktəbə avtobusla göndərsin”
 

"Valideynlərin övladlarını şəxsi avtomobilləri ilə məktəblərə aparması paytaxt küçələrində tıxacların yaranmasında birbaşa rol oynayır. Belə ki, küçə və yollarda avtomobillərin sayı çoxalır və sıxlıq yaranır. Alternativ variant odur ki, universitetləri şəhərdən kənara çıxartsınlar, bəlkə, o zaman şəhərdə tıxac azala. Bu istiqamətdə məktəb avtobuslarının da tətbiqi yaxşı olardı. Bizim insanların düşüncəsi bir qədər dəyişməlidir ki, hamı uşağını məktəbə avtobusla göndərsin. Kimin maşını varsa, o, adətən uşağını məktəbə özü aparır. Bundan əlavə, daşıma keyfiyyətini yüksəltmək lazımdır. Daşıma keyfiyyəti yüksəldilsə, insanlar özləri də öz aralarında həmin xidmətin daha yüksək keyfiyyətli olduğunu təbliğ edəcək, bir-birinə uşaqlarını məktəb avtobusları ilə göndərməyi tövsiyə edəcəklər. Əgər keyfiyyət yüksəldilsə, bunun özü də bir reklam olar”.

Xatırladaq ki, koronavirus infeksiyası səbəbilə təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması nəticəsində mart ayının 3-dən paytaxt yollarında avtomobil sıxlığının azaldığı müşahidə olunur.