Ölkə 10:10 16.01.2020

Ekspert: “İntellektual idarəetməni bir dəfə də vətəndaşın xeyrinə istifadə etsinlər”

Paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarətin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, bu çərçivədə nəzarət tədbirləri xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılacaq.

 

"Qanunsuz parklanma hallarının daha dəqiq qeydə alınması və operativliyinin artırılmasına imkan verən avtomobillər fasiləsiz nəzarəti həyata keçirmək baxımdan əhəmiyyətlidir.

 

Avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar videoçəkilişlə qeydə alınacaq. Avtomobildə olan əməkdaş isə istifadəsində olan bort-kompüter vasitəsilə dayanma və durma qaydalarını pozan sürücü barəsində inzibati tənbehvermə haqqında qərar tərtib edə biləcək. Bununla da əməkdaşın sürücülərlə hər hansı ünsiyyəti olmadan, xidməti avtomobilləri dayandırmadan qanunsuz parklanma hallarına daha geniş sahədə və daha səmərəli nəzarət mümkün olacaq.

 

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin başlıca məqsədi paytaxtın küçə və prospektlərində fasiləsiz və təhlükəsiz hərəkəti, əhalinin zəruri mobilliyini təmin etməkdir. Bunu nəzərə alaraq, bu avtomobillərlə mobil nəzarət tədbirləri tıxac və sıxlığın daha çox müşahidə edildiyi yol sahələrində, xüsusən də avtobus dayanacaqlarının zəbt edildiyi yerlərdə həyata keçiriləcək.

 

Bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edirik", - deyə məlumatda bildirilir.

 

"Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakıda parklanma böyük problemdir:

 

"İndiyə qədər bir çox qurumlar bununla ciddi şəkildə məşğul olsalar da, həllinə nail olmayıblar. Çünki Bakının şəhərsalma qaydaları vaxtında çox kobud şəkildə pozulub və bu gün də problemlər qalmaqdadır. Nəqliyyat sayı artdıqca parklanmaya qarşı bu cür mübarizə aparmaq da effekt vermir. Bütün bunların nəticəsində narazı kütlə formalaşır. İşıqfordan keçmək, təhlükəsizlik kəmərini bağlamamaq, sükan arxasında telefonla danışmaq sürücülərin bilərəkdən pozduqları qaydalardır. Yəni şüurlu şəkildə bu qaydaları pozurlar. Ancaq parklanma ilə bağlı insanlar məcburiyyətdən qaydaları pozurlar. İnsanlar xəstə yanına gəlir, aptekə düşür, mağazada dayanırsa, çölə çıxanda 20 manat cərimə ilə qarşılaşır. Şəhərin bir qurumu mağazanın müvafiq yerdə açılmasına icazə verib, şərait yaradır. Mağazaya gələn göydən, yer altından gəlmir ki, qarşısında maşın olmasın. BNA belə bir prinsip qoyub ki, insanların məmnunluğu, nəqliyyatın intensivliyi və sairə artırılsın. Ancaq parklanma məsələsi bir qədər fərqlidir. Başa düşürəm ki, məktəblərin qabağında xaotik yaradanlar, səkidə, zebrada maşın saxlayanlar mövcuddur. Bunlarla ciddi şəkildə mübarizə aparmaq lazımdır. Ancaq bəzən elə yerdə cərimə yazırlar ki, çox gülünş doğurur. Əgər nəqliyyatın intellektual idarə edilməsindən söhbət gedirsə, Bakı Nəqliyyat Agentliyi bunu düşünməlidir ki, intellektual idarəetmə nədir? Bir dəfə də bu intellektual idarəetmə vətəndaşların xeyrinə işləsin də. Bunu necə etmək olar? Məsələn, hansı küçədə parklanma qadağandır, ancaq bu küçədə məhz pik saatlarda problem olur. Yusif Səfərov küçəsi belədir. Orada pik saatlarda problem yaşanır. Ola bilər ki, saat 17-dən 21-ə qədər həmin küçədə dayanma-durma qadağan edilsin. Ancaq günün elə saatları var ki, orada cərimə yazmaq mənasızdır. Gecə saat 12-də Neftçilər prospektində maşınını saxlayıb, dostu ilə bulvara düşən adam kimə maneə yaradır? Buna görə niyə cərimə yazılsın? Xüsusi texniki vasitəni maşının üstünə quraşdırıblar. İndi bu maşınlar elə harada gəldi, cərimə yazacaqlar”.

 

Ekspert bildirib ki, bəzi yerlərdə dayanma-durmanı qadağan etmək doğru deyil:

 

"Qara Qarayev prospekti kimi ərazilərdə gecə saatlarında, heç bir tıxac yoxdursa, niyə cərimə yazılsın? Bunu elektron tablolarla tənzimləmək mümkündür. Şənbə-bazar günü bəzi küçələrdə 7:30-dan sonra dayanmaq olmaz. Adam şənbə günü yuxudan durub, maşının yerini dəyişməlidir? Bəs həmin küçələr şənbə günü boş olur axı. İntellektual idarəetmə budur ki, küçələrdəki vəziyyəti yoxlayıb, ona uyğun işlər görəsən. Texniki vasitələrdən problem olan yerlərdə istifadə etmək lazımdır. Gedib ”20 Yanvar" dairəsində, İnşaatçılar prospektində, Şərifzadə küçəsində iş aparmaq lazımdır. Əcəmi dairəsində taksilərin əlindən avtobus dayanacağa girə bilmir. Bununla mübarizə aparmaq lazımdır. Şamaxinka dairəsində az öncə sürücülər az qalırdılar ki, üsyan etsinlər. Deyirdilər ki, dayanmağa yerimiz yoxdur. Sürücülər də bəzən xaotik vəziyyətdə işləməyi üstün tuturlar. Məsələn, İsmayıllıya on maşın işləyirsə, hamısı birdən müştəri axtarır. Olmaz ki, növbə ilə dayansınlar? Bir maşın dolsun, digəri gəlsin. Ancaq bunu edən yoxdur. Belə işləri görmək yerinə, ehtiyac olmadığı yerdə insanları cərimələyir, narahat edirlər".