Ekonomiks 14:05 23.04.2019

Ekspert: "Problemli kreditləri də problemlə həll edirik"

Problemli kreditlərin həlli məsələsi artıq aylardır ki, ölkə gündəmindən düşmür. Düzdü, dünəndən etibarən kompensasiyaların verilməsi prosesi başlayıb. Amma məsələ kənardan həllini tapmış kimi görünsə də, redaksiyamıza daxil olan şikayətlər göstərir ki, problemli kreditlərin verilməsi problemi gözlənilən qədər asan olmayacaq. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Odər Qəni problemin daha dərin olduğunu deyir: 

"Kompensasiyaların verilməsində ziddiyətlər yaranır. Bank və bank olmayan kredit təşkilatları müştərilərin ilk kompensasiya alması ilə bağlı press-relizlər yayaraq özlərini reklam etdilər. Amma vətəndaşlara məsləhət görərdim ki, bu kimi reklamlara inanmasınlar. Çünki verilən kompensasiyalarla bağlı iki gün ərzində yüzlərlə şikayət gəlib. Bununla bağlı isə heç bir bankda məlumat yoxdur. 

Məsələn, 2015-ci ildə 1-ci devalvasiyadan sonra dollarla kredit götürən şəxslər bankın restrukzasiya təklifi ilə razılaşaraq kreditlərini dollardan manata çeviriblər. Bu isə prezidentin sərəncamından sonra bir-birini təkzib etdi. Müştəri 1-ci devalvasiyadan sonra götürdüyü 2600 dollarlıq krediti aylıq anuitet qaydada ödəsəydi və bu gün 1500 manat kompensasiya alsaydı, müştərinin banka cüzi miqdarda borcu olacaqdı. Amma banklar müştərilərin borcunu 3-cü devalvasiyadan qorumaq üçün kreditləri manata çevirdilər ki, bu da müştərinin kompensasiyadan sonra banka 3000 manat borclu olmasına gətirib çıxardı. Əslində banklar dövlətin "3-cü devalvasiya olmayacaq" sözlərinə inanmadıqları üçün bu addımı atmışdılar və qismən haqlı idilər. Çünki Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov 1-ci devalvasiyadan da sonra 2-ci devalvasiyanın olmayacağını söyləyirdi, amma oldu. Buna görə də müştərilər bankların dollar kreditini manata çevirmə təklifini sevə-sevə qəbul etdilər. 

Azərbaycan reallığını göz önündə qoymaq lazımdır. Biz problemli kreditləri də problemlə həll edirik. Vətəndaşlar 2015-ci ildə götürdükləri kreditləri manata çevirməyib və ümumiyyətlə ödəməyib, borcunu problemli kreditə salsaydı, o zaman hazırda ona kompensasiya yox, restrukturizasiya tətbiq olunacaqdı ki, bu da vətəndaşa daha çox sərf edərdi. Ümumilikdə isə problemli kreditlərin həlli məsələsində bankların daxili qaydaları hazırki kompensasiya qaydaları ilə bir-birini təkzib edir və nəticədə yenə də əziyyət çəkən vətəndaş olur. 

Məsələnin həllinə gəldikdə, vətəndaş qorxmamalı, bankı və hətta lazım gələrsə, Maliyyə Bazarlarına Nəzarət Palatasını məhkəməyə verməlidir".