Ölkə 13:50 21.01.2022

Ekspert Tarix İnstitutunu ittiham etdi, icraçı direktor cavab verdi: "Hərə öz işilə məşğul olsun"

"AMEA-nın Tarix İnstitutu Azərbaycan tarix elmində ancaq intriqalarla məşğul olub”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov AMEA-nın Tarix İnstitutu ilə bağlı baş verən olayları şərh edərkən deyib.

"AMEA-nın institutlarında ailə ansamblı fəaliyyət göstərir. Burada münasibətlər məişət zəminində qurulub və sağlam mühit olmayıb. O boyda akademiklər, professorlar iş gücləri qurtarıb, orta məktəb üçün tarix kitabı yazaraq, oradan da pul qazanmağa çalışıblar. Orada elmi müdafiə və disertasiya işlərinin müdafiəsinə Tarix İnstitutu rəhbərliyinə yaxın olan adamlar buraxılırdı. Bu da başqalarını prosesdən iyrəndirmək məqsədi daşıyıb. Orada insanlar var ki, on ildən çoxdur müdafiə edə bilmir” deyə Kamran Əsədov bildirib.

Həmsöhbətimiz qeyd edir ki, Tarix İnstitutu tamamilə dəyişməlidir: 

"Tarix İnstitutunda sağlam mühit formalaşmayıb. Kərim Şükürov savadlı adamdır. O, Azərbaycan tarixində barmaqla sayıla biləcək ən yaxşı tarixçilərdəndir. Gözəl tarixçi və tədqiqatçıdır. Amma bu gün həmin institut yalnız arxiv materialları çap etməkdən başqa heç bir işlə məşğul olmur. O boyda institut orta məktəblər üçün tarix kitabı yazılması üzrə tenderdə iştirak edir. Tenderdə uduzanda isə başlayırlar qara yaxma işə məşğul olmağa”. 

Ekspertin iddiaları ilə bağlı AMEA-nın Tarix İnstitutunun da mövqeyini öyrəndik. Qurumun icraçı direktoru Cəbi Bəhramov Qaynarinfo-ya bunları dedi: 

"Gedib hərə öz işilə məşğul olsun. Tarix İnstitutunun işinə qarışmasınlar. Bu məsələ ilə bağlı heç nə deməyəcəyəm. Bu işlərlə heç bir əlaqəm yoxdur”.

Rüfət Sultan