Ekonomiks 16:42 19.09.2018

Ekspert: "Xaricdə təhsil şirkətlərinin heç birinin fəaliyyət lisenziyası yoxdur"

Son illər ölkədə xaricdə təhsil adıyla fəaliyyət göstərən şirkətlərin sayı artıb. Onların çoxu isə mövsümü olaraq fəaliyyət göstərirlər. Bunun nəticəsidir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında yetərli bal toplamayan və öz hesabına xaricdə təhsil almaq adıyla ölkədən gedənlərin sayı çoxalıb. Öz hesabına təkcə Türkiyədə təhsil alanların sayı 15 mini ötüb.

Təhsil eksperti Kamran Əsədov xaricdə təhsil şirkətlərinin fəaliyyəti haqqında EkoNews-a danışıb. O bildirib ki, bu sahədə fəaliyyət göstərən şirkətlərin heç birinin lisenziyası yoxdur.

"Onlar  bu sahədə əsasız formada fəaliyyət göstərirlər. Yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçib mövsümü olaraq bu xidməti göstərməyə çalışırlar. Vergilər nazirliyində 400 bu adla qeydiyyatdan keçib yalnız vergi verərək fəaliyyət göstərən şirkət var. Onlar da şikayət olununca adlarını dəyişərək bir müddət sonra başqa adla fəaliyyət göstərirlər. Ümumilikdə xaricdə təhsil adıyla fəaliyyət göstərən şirkətlərdə çalışanların nə qədər bacarıqları olduğunu bilmirik. Onlar verdikləri xidmətə cavabdeh olmurlar. Kifayət qədər aldadılan valideynlər görürük. Bu yolla qəbul olan uşaqlar əsasən Ukrayna, Dağıstan və Türkiyənin aşağı səviyyəli universitetlərində təhsil ala bilirlər. Həmin ixtisasların ölkədə nə qədər lazım olması, ümumiyyətlə diplomunun tanınmasına  şirkətlər heç bir qaranti verə bilmir. Bir çoxları qiyabi təhsil adıyla gedirlər. Reklama aldanaraq distant təhsil alanların diplomları da  ölkəmizdə tanınmır”.

Bir  qrup insan isə Təhsil nazirliyinin seçimi ilə xaricdə təhsil alır. Bunların sayı 300-dən çox deyil. Bu yolla əsasən Macarıstan, Çin, Latviya kimi ölkələrdə təhsil alırlar.